RU

Şəkidə “Yaralı ruhlar” filminin təqdimatı olub

Şəki, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Şəki Dövlət Dram Teatrında “Urfansoy Film” studiyası tərəfindən çəkilmiş və müharibə iştirakçılarına həsr olunan “Yaralı ruhlar” filminin təqdimatı olub.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, filmin yaradıcı heyətinin, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir iştirakçıları “Yaralı ruhlar” filmini izləyiblər.

Filmin nümayişindən sonra şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, tanınmış rejissor və ssenarist Vahid Mustafayev, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş məşqçi-müəllimi, Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyasının prezidenti, Əməkdar məşqçi Rəsul Məmmədov çıxış edərək, həssas mövzunu cəsarətlə ekranlaşdıran yaradıcı heyəti növbəti uğurları münasibətilə təbrik edib, filmin çəkilişlərində xidməti olan insanlara təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, dövlət hər zaman Azərbaycanın suverenliyi, torpaqlarımızın bütövlüyü naminə canlarından keçən şəhidlərimizin ailələrinin, sağlamlıqlarını itirən qazilərimizin yanındadır. Vurğulanıb ki, şəhid ailələri və müharibə iştirakçılarına qayğı mənəvi borcumuzdur.

“Yaralı ruhlar” filminin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri, Vətən müharibəsi qazisi Taleh Urfansoy çıxış edərək, filmin çəkilişlərində onlara dəstək göstərən qurumlara təşəkkür edib.

Müharibə iştirakçılarına həsr olunmuş “Yaralı ruhlar” filmini yüksək peşəkarlıq, böyük məsuliyyət hissi və vətənpərvərlik ruhu ilə ərsəyə gətirdiyinə görə “Urfansoy Film” komandası Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb.

Müxbir – Mustafa Dadaşov

Избранный
93
1
azertag.az

2Источники