Müəllimlərin sinif idarəetməsi və müasir tədris metodikaları üzrə bilik və bacarıqlarının inkişafına yönəlmiş “Beynəlxalq Təcrübə ilə Peşəkar İnkişaf” qrant layihəsi çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi və yerli təhsil mühitinə inteqrasiyası istiqamətində mühüm addımlar atılıb. Layihə müəllimlərin peşəkar inkişafını sistemli şəkildə dəstəkləməyi və əldə olunan biliklərin praktik tətbiqini təşviq etməyi hədəfləyir.
Layihə çərçivəsində seçilmiş 3 müəllim Türkiyədə 5 gün davam edən təlim və səfər proqramında iştirak ediblər. Proqram üç əsas komponent üzrə təşkil olunub:
Təlim proqramı: Sinif idarəetməsi və müasir tədris metodikalarına dair nəzəri və praktik sessiyalar keçirilib;
Təhsil müəssisələrinə səfər və müşahidə: Şehit Erol Olçok Turizm Mesleki ve Teknik Anadolu Lisesi, Nilüfer – Koç Ortaokulu və Otomotiv Endüstrisi İhracatçıları Birliği Mesleki ve Teknik Anadolu Lisesi məktəblərində dərslər izlənilib, müəllimlərlə müzakirələr aparılıb və tədris prosesləri təhlil edilib;
Mədəni proqram: Müəllimlərin sosial-mədəni inteqrasiyasını gücləndirmək və öyrənmə təcrübəsini zənginləşdirmək məqsədilə müxtəlif mədəni obyektlər ziyarət olunub.
Növbəti mərhələdə layihə iştirakçıları tərəfindən əldə olunan bilik və təcrübənin yayılması məqsədilə öz məktəblərində və digər təhsil müəssisələrində 2 seminarın təşkili nəzərdə tutulur. Bu seminarlar çərçivəsində beynəlxalq təcrübəyə əsaslanan yanaşmaların tətbiqi imkanları müzakirə olunacaq. Layihənin yekun mərhələsində isə nəticələrin təqdim ediləcəyi bağlanış tədbiri keçiriləcək.
Qeyd edək ki, layihə Aysel Əmirova tərəfindən 251 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.










