RU

Azərbaycanla Baltikyanı region arasında əməkdaşlığın yeni mərhələsi başlayır- ÖZƏL

"Litva Baş naziri İnqa Ruqinienenin aprelin 8-dəki səfərinin ardından Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri onu göstərir ki, burada təkcə ikitərəfli əməkdaşlıqdan söhbət getmir. Onlardan da əvvəl  ötən ilin 22 oktyabrında Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Azərbaycanda olmuşdu və ölkəsinin Bakıda səfirlik açmaq niyyətini bildirmişdi. Demək ki, Azərbaycanla Baltikyanı region arasında əməkdaşlığın yeni mərhələsi başlayır. Bu, eyni zamanda regionlararası əməkdaşlıq üçün də böyük perspektivlər açır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Fikrimcə, Baltikyanı ölkələr Cənubi Qafqazın, bir tərəfdən Orta Dəhlizin buradan keçməsi baxımından önəmini, eyni zamanda geosiyasi subyektliyinin artdığını və burada Azərbaycan Prezidenti cənab İlham Əliyevin oynadığı müstəsna rolu görür, buna uyğun praqmatik siyasət yeritməyə çalışırlar.
Çalışırlar deyəndə, mən əslində Litvanı nəzərdə tuturam. Latviya həmişə iki ölkə arasındakı strateji tərəfdaşlıq anlaşması çərçivəsində hərəkət edib. Amma İkinci Qarabağ savaşından sonra Litvanın heç də beynəlxalq hüquqa, özünün dövlət maraqlarına və Vilnüsdə 13 sentyabr 2007-ci ildə imzalanan "Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə"yə uyğun gəlməyən davranışları olub. Amma sözügedən ölkənin Baş nazirinin bu səfəri ilə o səhifə necə deyərlər qapadılmış sayıla bilər. Görünür, artıq orada da fərqindədirlər ki, hətta sadə niyyətləri Ermənistana yaxşılıq etməkdirsə belə, Cənubi Qafqazda sülhdə maraqlı olmalı və burada sülhü təmin edən ölkə ilə praqmatik əlaqə qurmalıdırlar. Hazırda da bu, baş verir.
Azərbaycanla Latviya və ümumiyyətlə, Baltikyanı ölkələr arasında ticarət dövriyyəsi elə də çox deyil və yüz milyon avrodan bir az artıqdır ki, onun da yarısı məhz Latviyanın payına düşür. Ancaq keçən il Azərbaycanın Latviya ilə ticarət dövriyyəsi 2024-cü ildəki göstəricini 43 faiz keçərək  59 milyon avroya çatmışdısa, Estoniya ilə iki dəfədən çox artıb və 27,54 milyon avro olub. Litva ilə ticarət dövriyyəmizin həcmi isə ötən il 24,4 milyon avro idi və sözügedən ölkənin Baş nazirinin səfəri zamanı da vurğulandığı kimi, yaxın perspektivdə onun 5-10 dəfə artırılması arzusu, eyni zamanda da potensialı var.
Azərbaycanla Baltikyanı ölkələr arasında əlaqələrin yeni mərhələsinə keçidi şərtləndirən əsas amil isə dövlətimizin regionda yaratdığı yeni geosiyasi reallığın onların da maraqlarına tam cavab verdiyinin dərk edilməsidir.   Bu vəzifəyə seçilməmişdən əvvəl Estoniyanın baş naziri  kimi fəaliyyət gösətrdiyini nəzərə alaraq, düşünürəm ki, burada  düz bir il əvvəl Bakıda səfərdə olan Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi  Kaya Kallasın da  müəyyən rolu olub.   
Beləliklə, Rusiya və İrandan yan keçən kommunikasiya xətlərinə, Orta Dəhlizə Baltikyanı ölkələrin də marağının artdığı göz önündədir. Eyni zamanda onlar üzvü olduqları Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın artan rolunu da görməyə bilmirlər. Və üstəlik,  Rusiya-Ukrayna savaşı Baltikyanı ölkələr üçün təhlükəsizlik məsələlərini bir nömrəli prioritetə çevirib ki, məncə, bu baxımdan da Azərbaycanın  təcrübəsini öyrənməklə yanaşı əməkdaşlığa da ehtiyacları var.
Bütün hallarda Azərbaycanla Baltikyanı ölkələr arasında əməkdaşlığın dərinləşməsi həm ikitərəfli, həm də çoxtərəfli, yəni regional önəm kəsb edir və Latviya Prezidentinin səfəri də burada öz müsbət təsirini göstərəcək"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
45
2
olaylar.az

3Источники