Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
Aznews.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli qurultay iştirakçıları!
Sizi Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının işə başlaması münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir. Ağsaqqallara hörmət həm Azərbaycan şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatında fundamental bir dəyər kimi daim ön planda yer alır. Təsadüfi deyil ki, xalqımızın tarixi keçmişini,
adət-ənənələrini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanında ağsaqqal nəsihətinə və sözünə ehtiram ən yüksək əxlaqi keyfiyyət kimi təsvir olunub.
Xalqımızın tarixi ənənələrini rəhbər tutaraq üzərilərinə düşən vacib missiyanı daim uğurla həyata keçirən ağsaqqallarımız cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanmasının və nəsillərarası varisliyin təminatçısı olaraq çıxış edirlər. Eyni zamanda milli dövlətçilik ənənələrinin davam etdirilməsi və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində ağsaqqallarımızın müstəsna xidmətləri vardır.
Məhz ağsaqqallarımızdan vətənpərvərlik və fədakarlıq tərbiyəsi alan gənclərimiz Vətən müharibəsində şanlı Zəfərimizin əldə olunmasında mühüm rol oynayıblar. 30 ildən çox torpaq həsrəti ilə yaşamış, müharibənin ağrı-acısını görmüş böyüklərimizin gənc nəslə aşıladığı milli qürur və Vətən sevgisi sayəsində xalqımızın müasir hərb tarixinə yeni bir səhifə yazıldı.