RU

Elmin Həsənov: Bakı bələdiyyələri üzrə gəlirlər əvvəlki illə müqayisədə 16.4% artıb

Hamımız bilirik ki, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, demokratik, hüquqi dövlətin yaranması, o cümlədən yerli özünüidarəetmənin, vətəndaş cəmiyyətinin formalaşdırılması ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləridir. Məhz onun rəhbərliyi dövründə qəbul edilmiş Konstitusiyada yerli özünüidarəetmənin əsasları təsbit edildi, bələdiyyələrin hüquqi statusunun müəyyən olunması üçün zəruri siyasi və hüquqi zəmin yaradıldı. Sonrakı mərhələdə bu istiqamətdə qanunvericilik bazası formalaşdırıldı və ölkəmizdə bələdiyyə sistemi fəaliyyətə başladı.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda keçirilən konfransda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov deyib.
O qeyd edib ki, Heydər Əliyevin yerli özünüidarəetmə ilə bağlı yanaşması olduqca aydın idi. Bu yanaşmanın mərkəzində bir fikir dayanırdı: yerli məsələlərin həllində əhalinin iştirakı genişlənməli, bölgələrin inkişafı üçün yerli təşəbbüslər dəstəklənməli, idarəetmə daha səmərəli və daha məsuliyyətli qurulmalıdır. Bu mənada bələdiyyələrin yaradılması təkcə yeni bir institutun təsis olunması deyildi. Bu, həm də yerli demokratiyanın inkişafına, vətəndaş iştirakçılığına və özünüidarəetmə ənənələrinin formalaşdırılmasına verilən böyük siyasi əhəmiyyətin ifadəsi idi.
Bu gün biz həmin siyasi xəttin davamını görürük. Bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmə ilə bağlı Ümumilli Lider Heydər Əliyevin strategiyasını müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi, səmərəliliyin artırılması daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının Fərman və Sərəncamları ilə təsdiq olunan çoxsaylı dövlət proqramlarında, Milli Fəaliyyət Planlarında və s. yerli özünüidarəetmənin təkmilləşməsinə yönəlmiş mühüm tapşırıqlar nəzərdə tutularaq icra olunur. Bütün bunlar bələdiyyə institutunun cəmiyyətin idarə olunmasında rolunun artırılmasını şərtləndirir. Artıq bələdiyyələrdən gözlənti yalnız mövcud olmaq deyil, peşəkar və şəffaf fəaliyyət göstərməkdir. Müasir mərhələdə bələdiyyələrin fəaliyyəti daha çox nəticəyönümlülük, hesabatlılıq və yerli ehtiyaclara çevik cavab vermək meyarları ilə qiymətləndirilir.
Bu prosesdə Ədliyyə Nazirliyinin üzərinə də mühüm vəzifələr qoyulmuşdur. Bələdiyyələrin fəaliyyətə başlaması ilə eyni vaxtda Ulu Öndərin sərəncamı ilə onlara işlərini təşkil etməyə köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin nəzdində xüsusi qurum yaradılmışdır. Daha sonra mərhələli şəkildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, onların fəaliyyətinin təşkilinə kömək və metodoloji yardım göstərilməsi üzrə hüquqi müxanizmlər formalaşdırılaraq, bu sahədə səlahiyyətlər Ədliyyə Nazirliyinə həvalə edilmişdir.
Nazirlik tərəfindən mütəmadi olaraq yerli özünüidarəetmə sahəsində qanunçuluğun təmini məqsədilə bələdiyyə fəaliyyətində rast gəlinən qanun pozuntuları, o cümlədən onları yaradan səbəb və şəraitin müəyyən edilməsi istiqamətində təhlillər edilir, ümumiləşdirmələr aparılır və nəticələrinə uyğun olaraq bələdiyyələrlə metodoloji iş təşkil olunur, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi üçün müvafiq qanun layihələri hazırlanır. Burada əsas məqsəd bələdiyyələrin hüquqi cəhətdən düzgün fəaliyyət göstərməsinə yardım etmək, yerli idarəetmədə qanunçuluğu, şəffaflığı və peşəkarlığı möhkəmləndirməkdir.
Ötən il bələdiyyələrin birləşməsi və bələdiyyə seçkilərinin keçirilməsi ilə yerli özünüidarəetmə sahəsində inkişafın yeni mərhələsinə start verilmişdir. Bu islahatların davamı olaraq cari ildə də onların daha dayanıqlı, səmərəli və geniş imkanlara malik model əsasında formalaşdırılmasına yönələn tədbirlər görülməkdədir.
Elmin Həsənov bildirib ki, Ulu Öndər bələdiyyələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirərək demişdi: “Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərlərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir”.
Bu baxımdan bələdiyyələrlə aparılan metodoloji işdə əsas hədəf onların yerli əhəmiyyətli məsələlərin, yerli sakinləri narahat edən problemlərin həllində iştiraklarının genişlənməsinə, nəticə etibarı ilə insanların məmnunluğuna və dövlətin yerli xarakterli problemlərin həlli ilə məşğul olma qayğılarından xilas olmasına nail olmaqdan ibarətdir.
Məlumdur ki, bu hədəfə çatmaq bilavasitə bələdiyyələrin maliyyə imkanlarından asılıdır. Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə bələdiyyə büdcələrinin icrası barədə məlumatına əsasən, görülmüş ardıcıl tədbirlərin nəticəsində ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 3.3 milyon manata (5.2%) yaxın artaraq 65.6 milyon manatı keçmişdir. Bakı bələdiyyələri üzrə gəlirlər əvvəlki illə müqayisədə 16.4% artaraq 23 milyon manatı ötmüşdür.
Bundan başqa, bələdiyyələrin fəaliyyətində rəqəmsal imkanların genişləndirilməsi istiqamətində də addımlar atılmışdır. Bildiyiniz kimi inzibati nəzarət qaydasında baxılması üçün ölkə bələdiyyələri üzrə aktlar qanunvericiliyin tələbinə uyğun olaraq “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilir, sistemin funksionallığının artırılması üzrə işlər davam etdirilir. Elektron mühitdə sənəd dövriyyəsinin imkanlarının artırılması, bələdiyyə aktlarının təqdim olunması, hesabatlılıq mexanizmlərinin sadələşdirilməsi və şəffaflığın gücləndirilməsi yerli özünüidarəetmənin müasir tələblərə uyğun qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Həmçinin bələdiyyələrin vahid informasiya sisteminin yaradılması və bələdiyyələrin vahid informasiya sisteminin qanunvericiliklə dövlət informasiya sistemi kimi müəyyənləşdirilməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəli təşkili və bələdiyyə idarəçiliyinin rəqəmsallaşdırılması baxımından çox mühüm addım olmuşdur.
Bildiyiniz kimi qloballaşan dünyada şəhərsalma insan həyatının keyfiyyətini artırmaq, ətraf mühiti qorumaq və iqtisadi inkişafı təmin etmək baxımından əsas prioritetlərdən biri kimi xüsusi əhəmiyyət kəsb etməkdədir. Şəhərlər sürətlə böyüyür, lakin bu prosesin planlı və dayanıqlı olması gələcək nəsillərin rifahı üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan öz inkişaf strategiyalarında şəhərsalmanı insan mərkəzli, ekoloji və iqtisadi cəhətdən dayanıqlı şəkildə formalaşdırmağa xüsusi önəm verir. Ölkə başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun qabaqcıl ölkələrindən birinə çevirmişdir.
Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir.
Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə dövlət başçısının 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilmiş, daha sonra 30 yanvar 2026-cı il tarixli sərəncamla bununla bağlı Tədbirlər Planı təsdiq olunmuşdur.
“Şəhərsalma və memarlıq ili” çərçivəsində “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlər barədə" metodik tövsiyə hazırlanaraq bütün bələdiyyələrə göndərilmiş və eyni mövzuda respublika üzrə fəaliyyət göstərən bələdiyyələrin nümayəndələrinin iştirakı ilə seminarlar təşkil edilmişdir. Həmçinin Tədbirlər Planından irəli gələn məsələlərin icrasının diqqətdə saxlanılması ilə bağlı bələdiyyələrə müvafiq tövsiyə məktubu göndərilərək, zəruri ümumiləşdirmələrin aparılması üzrə işlərə başlanılmışdır. İl ərzində müxtəlif görüşlərin, ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulmuşdur.
Müvafiq sənədlər şəhərsalma siyasətinin yalnız mərkəzi icra hakimiyyəti orqanlarının deyil, həm də yerli özünüidarəetmənin fəaliyyətində yeni keyfiyyət mərhələsinə addım atdığını göstərir.
Bələdiyyələr dayanıqlı şəhər mühitinin formalaşdırılmasında aktiv iştirakçılardan biridirlər. Hər il yerli büdcələrin müəyyən hissəsi parkların, küçə və ictimai məkanların yenidən qurulması, yaşıllıq zolaqlarının salınmasına və abadlıq işlərinin aparılmasına ayrılır. Bildiyiniz kimi ötən il respublika üzrə abadlıq işlərinə 10 milyon manata yaxın vəsait ayrılmışdır.
Bu gün qarşımızda dayanan əsas məsələ ondan ibarətdir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bələdiyyələr öz fəaliyyətlərinə yeni baxış formalaşdırmalıdırlar. Şəhərsalma məsələsi yalnız böyük şəhərlərin və ya aidiyyəti mərkəzi qurumların işi kimi qəbul edilməməlidir. Burada bələdiyyələrin də rolu və məsuliyyəti vardır. Şəhərsalma və tikinti üzrə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti insanların həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, şəhər, qəsəbə və kənd məntəqələrinin səmərəli planlaşdırılmasına, tikintisi və abadlaşdırılmasına, təsərrüfat və sosial infrastrukturun inkişafına yönəlmişdir.
Bələdiyyələr ilk növbədə öz ərazilərinə məsuliyyət hissi ilə yanaşmalıdırlar. Yerli özünüidarəetmə orqanı olaraq onlar əraziyə sadəcə idarə olunan resurs kimi deyil, formalaşdırılan və qorunan yaşayış məkanı kimi baxmalıdırlar. Bu yanaşma olduqca vacibdir. Çünki düzgün planlaşdırılmayan ərazi gələcəkdə həm hüquqi, həm sosial, həm də infrastruktur problemləri yaradır.
Bu baxımdan, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bələdiyyələr tərəfindən abadlıq və yaşayış mühitinin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirilməlidir. Buraya küçələrin, məhəllələrin, ictimai istifadə yerlərinin vəziyyəti, yaşıllaşdırma işləri, ümumi görünüşün yaxşılaşdırılması, yerli əhəmiyyətli infrastrukturun dəstəklənməsi kimi məsələlər daxildir. Bələdiyyələrin fəaliyyəti insanların gündəlik həyatında hiss olunmalıdır.
Şəffaflıq gücləndirilməlidir. Xüsusilə qərarların qəbulu, maliyyə və əmlak məsələləri üzrə açıq və aydın idarəetmə təmin edilməlidir. Bu, həm hüquqi risklərin azalmasına, həm də vətəndaş etimadının artmasına xidmət edir.
Bələdiyyələr şəhərsalma ilə bağlı məsələlərdə aidiyyəti dövlət qurumları ilə uzlaşmış və hüquq çərçivəsində işləməlidirlər. Burada planlı fəaliyyət, qanunvericiliyə uyğunluq və ümumi inkişaf məqsədlərinə uyğun qərarvermə əsas olmalıdır.
Əslində “Şəhərsalma və Memarlıq İli” bələdiyyələr üçün böyük imkanlar ili kimi də dəyərləndirilə bilər. Bu il bələdiyyələrə bir daha xatırladır ki, onların fəaliyyəti yalnız iclas keçirmək və qərar qəbul etməklə bitmir. Onlar ərazinin inkişafına, yaşayış mühitinin keyfiyyətinə, ictimai münasibətlərin sağlam qurulmasına və yerli əhalinin etimadının formalaşmasına birbaşa təsir göstərirlər.
Bu baxımdan bələdiyyələr qarşısında duran əsas vəzifə öz fəaliyyətlərinə daha geniş baxmaqdır. Onlar yalnız səlahiyyət sahibi deyil, həm də məsuliyyət daşıyan yerli idarəetmə institutlarıdır. Hər bir düzgün addım yerli inkişafı gücləndirir, hər bir zəif yanaşma isə etimadı azaldır.
Hörmətli iştirakçılar, bu gün Heydər Əliyev irsindən danışarkən biz yalnız keçmişi xatırlamırıq. Biz eyni zamanda bu irsin müasir idarəetmədə necə davam etdirilməli olduğunu da düşünürük. Yerli özünüidarəetmə sisteminin yaradılması həmin irsin mühüm istiqamətlərindən biridir. Bu gün isə bizim vəzifəmiz həmin sistemi daha peşəkar, daha işlək, daha şəffaf və daha faydalı etməkdir.
Əminəm ki, “2026 – Şəhərsalma və Memarlıq İli” çərçivəsində görüləcək işlər bələdiyyələrin fəaliyyətinə yeni məzmun gətirəcək, onların yerli inkişaf prosesində rolunu daha da gücləndirəcəkdir. Ədliyyə Nazirliyi də bundan sonra bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək, metodoloji dəstək və hüquqi müşayiət istiqamətində öz işini davam etdirəcəkdir”.

Избранный
52
50
teleqraf.com

10Источники