RU

Alimlər "axmaqların qızılı" kimi tanınan mineraldan litium aşkar etdi - Yeni kəşf

Alimlər əvvəllər faydasız tullantı hesab edilən pirit mineralında böyük həcmdə litium ehtiyatları aşkar ediblər. 

Azreform.info xəbər verir ki, bu barədə "ScienceDaily” nəşri Qərbi Virciniya Universitetinin araşdırmasına istinadən məlumat yayıb.

Məlumata görə, tədqiqatçılar təxminən 380 milyon il əvvəl Apalaç hövzəsində formalaşmış şist süxurundan götürülən 15 nümunəni analiz ediblər.

Süxurun tərkibində "axmaqların qızılı” kimi tanınan pirit minerali müəyyən edilib. Mütəxəssisləri təəccübləndirən məqam isə litiumun məhz bu mineralın daxilində gizlənməsi olub. Litium akkumulyator istehsalı üçün kritik əhəmiyyət daşıyan elementdir.

Layihə üzərində çalışan sediment geokimyaçı Şeyla Bhattaçarya bildirib ki, komanda şist daxilindəki piritdə "əvvəllər rast gəlinməyən dərəcədə” litium miqdarı aşkarlayıb.

Onun sözlərinə görə, bu tapıntı unikaldır, çünki elmə indiyədək litiumun kükürdlə zəngin minerallarla əlaqəsi barədə az məlumat məlum idi.

"Litium ilə piritin necə əlaqəli ola biləcəyini anlamağa çalışıram”, deyə o mediaya açıqlamasında bildirib.

Tədqiqatçılar hesab edirlər ki, bu üsulla litiumun çıxarılması ənənəvi mədən üsullarına nisbətən daha ekoloji ola bilər. Sənaye tullantılarından və köhnə şist süxurlarından istifadə yeni karxanaların açılmasına ehtiyacı azalda bilər.

Məlumata əsasən, elektrik avtomobillərə və günəş enerjisinə keçidlə bağlı litiuma tələbat sürətlə artır.

Araşdırma hələ ilkin mərhələdə olsa da, daha ucuz və daha təmiz litium hasilatı üçün ümidverici nəticələr verir.

"Biz böyük enerji resursları sərf etmədən dayanıqlı enerji haqqında danışa bilərik”, deyə Bhattaçarya qeyd edib.(Qaynarinfo)

Избранный
14
2
azreform.info

3Источники