Azərbaycan güləşçisi Günay Qurbanova Albaniyada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tirana şəhərində təşkil edilmiş güləş üzrə Avropa çempionatı davam edir.
Üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib. Azərbaycan millisinin də 2 üzvü xalçaya çıxıb.
Elnurə Məmmədova (50 kq) ilk mərhələdə polşalı Aqata Qoluşovskaya “tuş”la məğlub olub.
Günay Qurbanova (59 kq) debüt etdiyi qitə birinciliyinə 1/4 finaldan qoşulub. O, startda almaniyalı Elena Brügger üzərində inamlı qələbə qazanıb – 7:0. Həmyerlimiz yarımfinalda ukraynalı dünya ikincisi Mariya Vinniklə qarşılaşıb. Görüşün sonuncu dəqiqəsinədək hesabda 2:0 öndə olan güləşçimiz son saniyələrdə rəqibin fəndlərinin qarşısını ala bilməyib – 2:6. Günay sabah bürünc medal uğrunda belaruslu Marta Hetmanava ilə güləşəcək.
Xatırladaq ki, bu gün Avropa çempionatında Azərbaycanın iki yunan-Roma güləşçisi qızıl, biri isə bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Həsrət Cəfərov (67 kq) finalda Murat Fıratla (Türkiyə), Qurban Qurbanov (82 kq) eyni raundda Adlet Tyulyubaevlə (UWW) görüşəcək. Nihat Məmmədli (60 kq) isə üçüncü yeri tutmaq üçün Suner Konunovla (UWW) qarşılaşacaq.
Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.
