Briv, 22 aprel, AZƏRTAC
Rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” filmi Fransada keçirilən 23-cü Briv Beynəlxalq Ortametrajlı Filmlər Festivalında tamaşaçıların böyük rəğbətini qazanıb. Filmin nümayişindən sonra rejissor müzakirələrə qatılaraq tamaşaçıların suallarını cavablandırıb.
Film festival iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və rejissora festivalın sosial şəbəkələri üçün müsahibə vermək təklif olunub. E. Əfəndiyev müsahibəsində filmin ərsəyə gəlməsi, süjet xətti və şəxsi motivasiyaları barədə ətraflı danışıb. O bildirib ki, filmdə şəxsi həyatından götürülmüş məqamlar yer aldığından bu layihə onun üçün xüsusi əhəmiyyət daşıyır və ən sevdiyi işlərdən biridir.
AZƏRTAC-a açıqlamasında rejissor festivaldan aldığı təəssüratları belə ifadə edib: “Digər müsabiqələrdə də iştirak etmişəm, lakin bu, Fransada ilk təqdimatımdır. Buradakı təəssüratlarım olduqca müsbətdir. Festival rəhbərliyinin, tamaşaçıların və peşəkarların reaksiyası yüksək səviyyədə idi. Bu, mənə həm peşəkar, həm də şəxsi baxımdan dəyərli təcrübə qazandırdı”.
Fransız tamaşaçılarının yanaşmasının fərqli və tələbkar olduğun vurğulayan E. Əfəndiyev qeyd edib ki, onlar filmin hər detalına diqqət yetirir, əsəri dərindən təhlil edirlər. Bu, rejissor üçün həm çətin, həm də maraqlı təcrübədir. Belə yanaşma filmi daha yaxşı təqdim etməyə və tamaşaçı ilə daha güclü emosional əlaqə qurmağa imkan verir.
Rejissor festivalın nəticələri ilə bağlı həyəcanını da gizlətməyib: “Nəticələri gözləyirik. Hər bir mükafat yeni yaradıcılıq üçün böyük motivasiya və stimul verir”.
Qeyd edək ki, umumilikdə, festival Azərbaycan kinosunun beynəlxalq arenada tanıdılması və yerli rejissorların yaradıcılığının geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. E. Əfəndiyevin təqdim etdiyi film mövzusu və vizual həlli ilə həm peşəkarların, həm də tamaşaçıların diqqətini cəlb edərək ölkəmizi layiqincə təmsil edib.