RU

Avtomobil sığortası şərtləri dəyişir – “yıxılana balta”, ayaqda qalana şirinquş!

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 29 iyun 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nda dəyişikliklər edib.

Musavat.com xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, hazırda qüvvədə olan Bonus-Malus sistemi ləğv edilir, əvəzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqının hesablanmasında sığorta tarixçəsi əmsalı tətbiq edilir. İcbari avtomobil sığortasında yeni dəyişikliklər qüvvəyə mindikdən sonra qəzasız sürücülərə cüzi güzəşt, qəza törədənlərə isə kəskin, cəriməyə bərabər artım tətbiq olunacaq. Yeni sistem “stimullaşdırıcı model” kimi təqdim edilsə də, sürücülər arasında ciddi müzakirələrə səbəb olub. Musavat.com xəbər verir ki, yeni qaydalar sürücülərin cibinə birbaşa təsir edəcək. Yeni yanaşmaya görə, əgər sürücü il ərzində heç bir qəza törətməzsə, ona cəmi 5 faiz güzəşt tətbiq olunacaq.

İlk baxışda bu, müsbət təşviq kimi görünə bilər. Amma qaydaların digər tərəfi daha sərtdir - qəza törədən sürücülər hər hadisəyə görə 30 faiz əlavə sığorta haqqı ödəməli olacaqlar.

Mütəxəssislər deyir ki, yeni qaydalar sistemdə balans açıq şəkildə pozulub, qəza keçirməyən sürücü cüzi mükafat, törədənə isə ağır maliyyə cəzası tətbiq olunur. Məqsəd qaydalara əməl edən sürücünü stimullaşdırmaq, qəza törədənləri isə daha çox məsuliyyətə cəlb etməkdir. Lakin Azərbaycanda bu sistemin tətbiqi forması ciddi suallar doğurur. Çünki bir tərəfdən illərlə qəza etməyən sürücüyə verilən endirim simvolik səviyyədə qalır, digər tərəfdən isə tək bir qəza belə sürücünü ciddi maliyyə yükü ilə üz-üzə qoyur. Belə olan halda ortaya haqlı narazılıq çıxır. Əgər məqsəd doğrudan da təhlükəsizliyi artırmaqdırsa, niyə təşviq mexanizmi bu qədər zəif, cərimə mexanizmi isə bu qədər sərtdir?

Məsələnin digər tərəfi də var. Azərbaycanda yol hərəkəti mühiti ideal deyil. Qəza riski təkcə sürücünün davranışından asılı deyil. Məsələn, yol infrastrukturu, digər sürücülərin səviyyəsi, nəzarət mexanizmləri və hətta texniki vəziyyət də bu riskə təsir edir. Bu reallıq fonunda 30 faizlik artım bir çox hallarda ədalətli yox, daha çox kollektiv məsuliyyətin fərdi cəriməyə çevrilməsi kimi görünür.

E.Məmmədəliyev,
Musavat.com

Избранный
17
1
musavat.com

2Источники