ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda icbari sığorta qaydalarında mühüm dəyişiklik edilib. Yeni tənzimləməyə əsasən, qəza törədən sürücülər növbəti sığorta müqaviləsi zamanı hər hadisəyə görə 30 faiz daha çox sığorta haqqı ödəyəcəklər. Bu "bonus-malus" sisteminin tətbiqi yollarda məsuliyyətin artırılmasına və qəza sayının azaldılmasına xidmət edir.
Yollarımızdakı xaosu, "kim güclüdürsə, yol onundur" məntiqini və hər gün bədbəxt hadisə ilə bitən xəbərləri nəzərə alsaq, bu rəsmi qərarın gecikmiş, lakin zəruri bir addım olduğunu demək olar. İndi yollarda "at oynadanlar", qaydaları sadəcə kağız üzərindəki yazılar hesab edənlər üçün yeni bir hesab vaxtı başlayır. Artıq səhlənkarlığın bədəli sadəcə quru bir üzr deyil, birbaşa cibə toxunan rəqəmlərdir.
Təəssüf ki, bizim cəmiyyətdə yol mədəniyyəti çox vaxt şüurla deyil, cərimələrin ağırlığı ilə formalaşır. Sürücü var ki, ara məsafəsini saxlamamağı, dönmə işığını yandırmamağı və ya manevr qaydasını pozmağı özünə "stil" seçib. Bu vaxta qədər törədilən kiçik qəzalar "sığorta verəcək də" deyib keçilirdi. Amma yeni sistem deyir ki: "Sənin məsuliyyətsizliyinin maliyyə yükünü intizamlı sürücülər bölüşməməlidir".
Hər qəzaya görə əlavə olunan o 30 faiz, əslində bir "məsuliyyət cəriməsidir". Əgər bir sürücü hər il sığortaya daha çox pul ödəmək istəmirsə, ayağını qaz pedalından çəkməli, gözünü yoldan ayırmamalıdır.
İllərdir qəza törətməyən, qırmızı işıqda dayanmağı özünə borc bilən, piyadaya yol verən sürücü ilə, hər ay bir maşına "toxunan" xuliqan sürücünün eyni məbləği ödəməsi daxili bir ədalətsizlik idi. Bu qərarla sistem nəhayət "yaxşı" ilə "pisi" ayırır. İntizamlı sürücü bonusunu alacaq, qəza törədən isə öz səhvini büdcəsi ilə ödəyəcək.
Biz çox vaxt özümüz özümüzə qənim kəsilirik. Yollarda bir-birimizə yol verməyərək, saniyələr üçün riskə girərək həm özümüzü, həm də qarşıdakını təhlükəyə atırıq. Bu 30 faizlik artım bəlkə də bir çox sürücü üçün "yaxınlaşan təhlükə" siqnalıdır. Əgər biz vicdanla sürə bilmiriksə, rəqəmlər bizi buna məcbur edəcək.
Sığorta rüsumunun artması sadəcə bir maliyyə məsələsi deyil, yollarda insan həyatına verilən dəyərin iqtisadi göstəricisidir. Ümid edək ki, ciblər boşaldıqca, yollardakı ehtiyat və diqqət artacaq. Çünki heç bir 30 faizlik artım, itirilən bir canın yerini doldura bilməz. Amma bəlkə o 30 faiz artım, kiminsə həyatda qalmasına vəsilə olacaq bir diqqəti geri qaytarar.
Leyla Mirzə, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.