1news.az-ın sosial şəbəkələrinə müraciət edən bir paytaxt sakini iddia edir ki, metronun “28 May” stansiyasına girişdə yenidən məhdudiyyət tətbiq olunub. Oxucular tərəfindən təqdim edilən videogörüntülərdə stansiyanın girişində sərnişin sıxlığı müşahidə olunur. Kadrlarda insanların qapının qarşısına toplaşdığı və hərəkətin qismən ləngidiyi görünür. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlanıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov 1news.az-ın sorğusuna cavab olaraqbildirib ki, ötən gün elan etdiyimiz kimi bu günkü hərəkət qrafiki əsasən şənbə günü prinsiplərinə söykənən hərəkət qrafikidir. “Stansiyalarda hər hansı giriş məhdudiyyəti tətbiq olunmayıb, yalnız sərnişin axınının tənzimlənməsi həyata keçirilir”. Onun sözlərinə görə, metropolitendə hərəkət qrafiki günün rejiminə uyğun olaraq dəyişir və şənbə günü prinsiplərinə uyğun tərtib edilən qrafik sərnişin sıxlığının nisbətən az olduğu şərait üçün nəzərdə tutulub. Lakin iş günü olduğuna görə sərnişin axınına uyğun tənzimləmə aparılması zərurəti yaranır. “Buna görə dünən düzgün qrafik elan olunanda bütün stansiyalara tapşırıq verildi ki, heç bir məhdudiyyət qoyulmadan, giriş qapılarından başlayaraq sərnişin axını nizamlı şəkildə tənzimlənsin. Məqsəd platformalarda ifrat sıxlığın qarşısını almaqdır. Bu, “İçərişəhər” stansiyasında səhər saatlarında, həmçinin 20 Yanvar stansiyasında ənənəvi sərnişin sıxlığının müşahidə olunduğu hallarda da tətbiq edilən praktikadır. Günorta saatlarında da bəzi stansiyalarda eyni qaydada tənzimləmə aparılır”, – deyə Bəxtiyar Məmmədov qeyd edib. O əlavə edib ki, vəziyyət nəzarətdə saxlanılır və platformada hər hansı neqativ hal qeydə alınmayıb: “Mən saat 10-dan 28 May stansiyasındayam. Burada heç bir problem yoxdur. Sadəcə olaraq açıq qapıların sayı və giriş axını platformadakı vəziyyətə uyğun tənzimlənir”. Qurum rəsmisi həmçinin bildirib ki, vəziyyət gün ərzində nəzarətdə saxlanılır və media nümayəndələrinin də yerində müşahidələri zamanı hər hansı məhdudiyyətin tətbiq olunmadığı təsdiqlənib.