RU

30-dan çox ölkənin hərbi mütəxəssisləri Hörmüz boğazının açılması ilə bağlı müzakirələr üçün Londona toplaşıb

London, 22 aprel, AZƏRTAC

Böyük Britaniya hökumətinin məlumatına görə, 30-dan çox ölkənin hərbi mütəxəssisləri Hörmüz boğazının yenidən açılması missiyasını müzakirə etmək və detallı planlar hazırlamaq üçün Londona toplaşıblar.

AZƏRTAC xəbər verir ki, ötən həftə 10-dan çox ölkə Böyük Britaniya və Fransanın rəhbərliyi ilə həyata keçiriləcək beynəlxalq missiyaya qoşulmağa hazır olduqlarını bəyan ediblər.

Missiyanın məqsədi şərait imkan verdiyi təqdirdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir. Bu öhdəlik ABŞ Prezidenti Donald Trampın müttəfiqlərin köməyinə ehtiyac olmadığını bildirməsindən sonra Avropa, Asiya və Yaxın Şərqdən təxminən 50 ölkənin qatıldığı videokonfransda irəli sürülüb.

Böyük Britaniyanın Müdafiə Nazirliyi Con Hili bildirib ki, London görüşü ötən həftə aparılan danışıqlarda əldə olunan irəliləyişə əsaslanacaq. Əsas vəzifə diplomatik razılaşmanı birgə plana çevirmək, boğazda naviqasiya azadlığını qorumaq və davamlı atəşkəsə dəstək verməkdir. Rəsmi London əlavə edib ki, danışıqlar davamlı atəşkəs əldə olunduqdan sonra Hörmüz boğazının yenidən açılması üçün hərbi planların irəlilədilməsinə yönələcək. İştirakçıların hərbi imkanları, komanda-idarəetmə mexanizmlərini və qüvvələrin regiona yerləşdirilməsi məsələlərini müzakirə edəcəyi gözlənilir.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Избранный
29
1
azertag.az

2Источники