Türk yunan-roma güləşçisi Rıza Kayaalp, Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Oxuməni.az xəbər verir ki, 130 kq çəki dərəcəsində çıxış edən Kayaalp finalda macarıstanlı Darius Vitek üzərində 7:1 hesabı ilə qələbə qazanıb.
Kayaalp 13-cü dəfə Avropa çempionu olaraq, üçqat Olimpiya çempionu, rusiyalı Aleksandr Karelinin (12) rekordunu yeniləyib. Bu rekord 26 il ərzində heç kim tərəfindən aşıla bilməmişdi.
Kayaalp 36 yaşındadır. O, ilk dəfə 2010-cu ildə Avropa çempionu olub və o vaxtdan bəri on ildən çoxdur ki, dünya ağır çəki kateqoriyasının elitasında qalır. Bu müddət ərzində o, həmçinin beş qızıl dünya çempionatı medalı və üç Olimpiya mükafatı qazanıb – Rio-2016-da gümüş, London-2012 və Tokio-2020-də isə bürünc medal.
Güləşçi tarixi qələbəsini ailəsinə, məşqçilərinə və azarkeşlərinə həsr edib: "Bu medalı həyat yoldaşıma və qızlarıma, ailəmə, məşqçilərimə və bütün türk xalqına həsr edirəm. Bu uğur mənim yanımda olan hər kəs üçündür."
Almaz Həsənli