RU

Siyasi təxribat...

Millət vəkilləri Belçika və Niderland parlamentlərinin qəbul etdiyi qətnamələri pisləyiblər

Belçika və Niderlandın Nümayəndələr parlamentlərinin aprelin 16-da Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamələr Milli Məclis (MM) tərəfindən etirazla qarşılanıb. Parlamentin dünən keçirilən iclasında millət vəkilləri həmin sənədləri pisləyiblər.

Deputat Tural Gəncəliyev bildirib ki, qətnamələrdə Cənubi Qafqaz regionunda sülh prosesindən bəhs edilməyib. Onun sözlərinə görə, özünü demokratik sayan hər iki ölkə beynəlxalq hüquq normalarını kobud şəkildə pozurlar. “Yaxşı olar ki, Belçika və Niderland özlərinin müstəmləkə keçmişlərini xatırlasınlar və zülm etdikləri xalqlardan üzr istəsinlər”, - deyə millət vəkili vurğulayıb.

Parlamentlərarası dostluq qrupunun fəaliyyəti dayandırılsın!

Deputat Elçin Mirzəbəyli çıxışında deyib ki, Belçika və Niderland parlamentlərinin son qətnamələri nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənir. Bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür. O, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılmasını təklif edib. Millət vəkilinin fikrincə, bu, emosional reaksiya deyil: “Əgər əməkdaşlıq platformaları qarşı tərəf tərəfindən alətə çevrilirsə, dialoq imitasiya xarakteri daşıyırsa, bu mexanizmlərin saxlanılması sadəcə formal xarakter daşıyır və heç bir real məna kəsb etmir”.

Millət vəkili Azay Quliyev də bildirib ki, Belçika və Niderland parlamentlərində qəbul olunan qətnamələr Azərbaycana qarşı yönəlmiş siyasi təxribatdır. Bu “sənədlər” faktlara deyil, yalanlara, təhriflərə və əsassız ittihamlara əsaslanır. Onun sözlərinə görə, bu sənədlərin müəllifləri və lehinə səs verənlər beynəlxalq hüququn prinsiplərini müdafiə etdiklərini iddia etsələr də, əslində həmin prinsipləri, xüsusilə dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığı, eləcə də qanunun aliliyi prinsiplərini kobud şəkildə pozduqlarının fərqindədirlər. “Ən paradoksal məqam isə ondan ibarətdir ki, bu qətnamələr regionda sülh prosesinin irəlilədiyi, düşmənçiliyi və seperatizmi körükləyən köhnə narrativlərin həm yerli, həm də beynəlxalq gündəlikdən tam çıxarıldığı vaxtda, o cümlədən, Azərbaycan və Ermənistan parlament sədrləri arasında konstruktiv dialoqun davam etdiyi gündə qəbul edilib”, - deyə millət vəkili vurğulayıb.

MM: Qətiyyətlə rədd edirik!

Qeyd edək ki, Milli Məclis  sözügedən məsələ ilə bağlı açıqlama yayıb. Parlament  Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyan qətnamələr qəbul etmişdir. Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş bu birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınayıb və qətiyyətlə rədd edib.

Açıqlamada qeyd olunub ki, Azərbaycan ilə Ermənistan arasında mövcud olmuş münaqişənin tarixini və nəticələrini təhrif edən, ənənəvi anti-Azərbaycan, islamofob dairələrin qeyri-sağlam və irqçi təxəyyülündən irəli gələn bu sənədlər beynəlxalq hüququn və qanunun aliliyinin kobud şəkildə pozulması, regionda davam edən və həssas mərhələdən keçən sülh prosesinə qarşı təxribatdır. Bu sənədlərin xüsusilə Azərbaycan və Ermənistanın parlament sədrlərinin növbəti görüşünün keçirildiyi bir vaxtda qəbul edilməsi onların “təşəbbüskarları”nın regiondakı reallıqlardan uzaq olduqlarını, əsl niyyətlərinin sülh və dialoqu təşviq etmək deyil, məhz düşmənçiliyi və qisasçılığı qızışdırmaq olduğunu bariz şəkildə göstərir. “Belçika Nümayəndələr Palatasının qəbul etdiyi sənəddə tarixi Vaşinqton Sülh Sammitinə heç bir istinadın olmaması, Sammitin nəticələrinin, o cümlədən “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in paraflanmasının qeyd edilməməsi sənədin müəllifləri və onun lehinə səs verənlərin mövzu ilə bağlı “savadlılığı”nın və xroniki hal almış qərəzliliyinin daha bir əyani nümunəsidir”, - deyə vurğulanıb.

Caniləri “müharibə əsiri” adlandırmaq insan hüquqlarına qəsddir

Diqqətə çatdırılıb ki, Azərbaycan-Ermənistan sərhədində vəziyyəti hərbi baxımdan riskli hesab edən və bunu Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının davamlı fəaliyyəti üçün əsas kimi qələmə verən sənəd müəlliflərinin qiymətləndirmələri, ilk növbədə, Ermənistanın rəsmi şəxslərinin ictimaiyyətə açıqlanan mövqeyi ilə ziddiyyət təşkil edir. Məhz Azərbaycan tərəfinin sülhə yönəlmiş addımları və məsuliyyətli davranışı nəticəsində son iki il sərhəddə hər hansı hərbi insidentin baş vermədiyi ən sakit dövr kimi xarakterizə olunur və bu, Ermənistan tərəfindən də təsdiq edilir. “Müharibə və insanlıq əleyhinə cinayətlər törətdiyi şəffaf və açıq hüquqi proses yolu ilə sübuta yetirilmiş şəxsləri “müharibə əsiri” kimi qələmə vermək və onların azadlığa buraxılmasını tələb etmək, hər şeydən əvvəl, sözügedən sənədlərdə istinad olunan beynəlxalq hüquq normalarına, insan hüquqlarına və qanunun aliliyinə qarşı qəsddir. Məhkum edilmiş həmin şəxslərin istintaq və mühakimə prosesində bütün hüquqlarının qorunduğu, onlar üzərində məhkəmə prosesinin qanuniliyi müvafiq bitərəf beynəlxalq mexanizmlər tərəfindən təsbit edilmişdir. Bu kontekstdə, həmin şəxslərin azad edilməsi, habelə onların mühakimə prosesi ilə əlaqədar Azərbaycana qarşı tədbirlərin görülməsi ilə bağlı Ermənistan tərəfindən edilmiş müraciətlərin vaxtilə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən bir neçə dəfə rədd edilməsi xüsusilə qeyd olunmalıdır. Eyni qaydada, BMT İnsan Hüquqları Şurasının Əsassız həbslər üzrə İşçi Qrupunun 2025-ci il 13 mart tarixli müvafiq rəyində qeyd olunan şəxslərin Azərbaycan tərəfindən həbsinin və mühakiməsinin qanuniliyi təsbit olunub, həmin şəxslərin hüquqlarının pozulmasına dair iddialar təmin edilməyib. Biz qeyd olunan əsassız çağırışların ünvanlandığı aidiyyəti dövlətlərin və Avropa İttifaqının ikitərəfli dialoq vasitəsilə qətiyyətlə irəlilədilən sülh prosesinə pozucu müdaxilədən çəkinəcəyini gözləyir, onları belə təxribatçı addımların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə dəvət edirik”-deyə bildirilib.

Milli Məclis Belçika və Niderland parlamentlərindən Azərbaycana qarşı nifrət kampaniyasına və regionda sülhün möhkəmləndirilməsi səylərinə zərbə vuran addımlara son qoymağı tələb edərək bəyan edib ki, bu addımlar hazırkı həssas mərhələdə yalnız sülh əleyhinə fəaliyyət göstərən revanşist qüvvələrin həvəsləndirilməsinə deyil, həm də Avropa İttifaqının regionla bağlı bəyan edilmiş təhlükəsizlik və iqtisadi maraqlarına xələl gətirilməsinə xidmət edir.

Nardar BAYRAMLI

Избранный
54
yeniazerbaycan.com

1Источники