RU

ABŞ-İran savaşı BRİCS-i də “vurdu” – Üzvlər arasında GİZLİ çəkişmə

Yaxın Şərqdəki müharibələr təkcə regionumuzu deyil, bütün dünyanı çətin vəziyyətə salıb. Bu savaşdan ən çox zərər çəkən beynəlxalq qurumlardan biri də BRİCS (üzvləri: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) təşkilatıdır.

Məsələ burasındadır ki, təşkilatın yeni üzvləri arasında İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də var. Cənub qonşumuzun son müharibədə ən çox raket və dron atdığı ölkə də məhz BƏƏ-dir.

BRİCS ABŞ və İsrailin İrana qarşı müharibəsinin əleyhinə olsa da, İranın təşkilatın digər üzvü - Birləşmiş Ərəb Əmirliklərinin bombalanmasına dəstək verə bilməzdi. Təsadüfi deyil ki, təşkilatın vahid açıqlamasının əvəzinə BRİCS üzvləri ayrı-ayrılıqda müharibəylə bağlı bəyanatlar yayımlayıblar.

Elxan

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a bildirdi ki, BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır: “2026-cı ilin yanvar ayından BRICS təşkilatında sədrlik Hindistana keçib. Bu ilin sentyabr ayında Yeni Dehlidə təşkilatın sammiti keçiriləcək. Bu sammitdə əsas diqqət üzv ölkələr arasında ticarət və maliyyə məsələlərinin həllinə yönələcək. Üzv ölkələr milli valyutalar əsasında ticarəti təmin etməyə və dollardan asılılıqlarını azaltmağa çalışırlar. Bu məqsədlə rəqəmsal valyutalarla hesablaşmağın vacibliyi üzərində iş davam edir. Üzv ölkələrin məqsədi SWIFT-ə alternativ hesablaşma sisteminin formalaşdırılmasıdır”.

Mərkəz rəhbərinin fikirincə, ABŞ tarixən dolların statusunu yüksək və milli təhlükəsizliyinin, o cümlədən iqtisadi dominantlığın dayağı kimi görüb: “ABŞ Prezidenti Donald Tramp ticarətdə dollardan imtina etməyə çalışan ölkələri xəbərdar edib. BRİCS ölkələrinin əksəriyyəti ABŞ-la ticarət əlaqələrinin genişlənməsində maraqlıdırr. Odur ki, həmin dövlətlərin dollardan tamamən imtinası çətindir.

Bu arada Rusiya ilə Hindistan arasında 2025-ci ilin fevral ayında imzalanan hərbi əməkdaşlıq haqqında müqavilə təsdiq olunub. Bu müqaviləyə əsasən tərəflər bir-birinin ərazisində 3 minə qədər hərbi qulluqçu, beş hərbi gəmi və 10 hərbi təyyarə yerləşdirə bilər. İki ölkə arasındakı müqavilə bölgədə sülhü və sabitliyi qorumaq üçün hərbi personalın, hərbi gəmilərin və təyyarələrin qarşılıqlı göndərilməsini nəzərdə tutur. Müqaviləyə əsasən bir-birlərinin ərazilərinə göndərilən hərbi kontingentlər birgə təlimlər keçirmək, humanitar yardım göstərmək, təbii və texnogen fəlakətlərin fəsadlarının aradan qaldırılması və tərəflərin razılaşdırdığı digər hallarda sülhü və sabitliyi qoruyurlar. Müqavilənin Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda qüvvəyə minməsi sənədin strateji əhəmiyyətini artırıb”.

E.Şahinoğlu onu da diqqətə çatdırdı ki, mövcud müqavilə Hindistanın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində Moskvaya dəstəyi anlamına gəlmir: “Hindistan üçün önəmli olan Rusiyadan hərbi texnikanın alışının davamıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Hindistan dünyanın ikinci ən böyük silah idxalçısı olaraq qalır. Rusiya isə bu ölkənin əsas təchizatçı olaraq qalmaqda davam edir və Hindistanın silah idxalının 40 faizini təşkil edir. Buna baxmayaraq, Yeni Dehli Rusiyadan silah idxalını azaltmağa çalışır və ABŞ və Avropa ölkələri ilə hərbi-texniki əməkdaşlığı genişləndirir”.

Cavanşir ABBASLI,
Musavat.com

Избранный
11
2
musavat.com

3Источники