RU

Müharibələrin iqlimə təsirləri; partlayışlar atmosferdə kimyəvi qaz miqdarını artırır EKOLOQ

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müasir dövrdə müharibələr yalnız siyasi və hərbi müstəvidə deyil, həm də ekoloji baxımdan geniş müzakirə olunan məsələlərdən birinə çevrilib. Silahlı qarşıdurmalar zamanı istifadə olunan müxtəlif texnologiyalar, xüsusilə ağır silahlar və partlayıcı vasitələr təbiətə birbaşa və dolayı təsirlər göstərir. Bu təsirlər atmosferin tərkibində dəyişikliklərə, təbii tarazlığın pozulmasına və qlobal ekoloji problemlərin dərinləşməsinə səbəb ola bilər. Hərbi fəaliyyətlərin nəticələri yalnız münaqişə zonaları ilə məhdudlaşmır, daha geniş coğrafiyalarda hiss oluna bilir. 

Məsələ ilə bağlı ekoloq Cəmşid Bəxtiyar Avtosfer.az-a açıqlamasında bildirib ki, müharibələrin, istifadə olunan silahların, partlayışların və yanğınların ətraf mühitə müxtəlif təsirləri mövcuddur. Xüsusilə raket və mərmi partlayışları iqlimə və hava şəraitinə bir neçə əsas istiqamətdə təsir göstərir:

“Birincisi, birbaşa hava çirklənməsi baş verir. Partlayışlar zamanı çoxlu miqdarda tüstü, toz, ağır metallar və zəhərli qazlar havaya qalxaraq atmosferi çirkləndirir. Bu maddələr atmosferin aşağı qatlarında toplanaraq havanın keyfiyyətini pisləşdirir. Nəticədə, dumanlılıq artır, nəfəs alma çətinləşir və hava daha tutqun olur. İkincisi, böyük yanğınlar yaranır. Əgər bu yanğınlar geniş miqyaslı olarsa, məsələn, neft anbarları, meşələr və sənaye obyektləri yanarsa, çox böyük miqdarda karbon qazı və qalın tüstü atmosferə yayılır. Bu hissəciklər günəş şüalarının qarşısını qismən alaraq atmosferin temperatur balansını dəyişir və iqlimə təsir göstərir. 1991-ci ildə Körfəz müharibəsi zamanı İraq ordusu geri çəkilərkən yüzlərlə neft quyusunu qəsdən yandırmışdı. Təxminən 600–700 quyu uzun müddət yanmış, bəzi yanğınlar isə aylarla davam etmişdi. Bu hadisə tarixdə ən böyük insan mənşəli atmosfer çirklənmələrindən biri hesab olunur. Həmin yanğınlar nəticəsində nəhəng tüstü buludları yaranmış, gündə milyonlarla barel neft yanmış və qalın qara tüstü kilometrlərlə yüksələrək atmosferə yayılmışdı. Günorta vaxtı belə səma qaranlıqlaşır, sanki gecə effekti yaranırdı. Bu tüstü günəş şüalarının yer səthinə çatmasını azaldırdı. Nəticədə bəzi ərazilərdə lokal soyuma effekti müşahidə olunmuş, temperatur bir neçə dərəcə aşağı düşmüşdü. Yəni qlobal istiləşmə deyil, əksinə müvəqqəti regional sərinləşmə baş vermişdi”.

Ekspert deyib ki, tüstü ilə birlikdə havaya qalxan his və yanmamış neft hissəcikləri sonradan yağıntı ilə birlikdə yerə qayıdır. Bu isə torpağın və su mənbələrinin çirklənməsinə səbəb olur:

“Bəzi ərazilərdə sözün həqiqi mənasında qara, yağlı yağış müşahidə edilmişdi. Bu çirklənmə hava keyfiyyətini kəskin şəkildə pisləşdirmiş, havada kükürd-dioksid, karbon tərkibli və digər zəhərli qazların səviyyəsi artmışdı. Nəticədə, tənəffüs problemləri geniş yayılmışdı. Bununla belə, ilkin mərhələdə bəzi alimlər bu hadisəni kiçik “nüvə qışı” kimi qiymətləndirsələr də, sonradan məlum oldu ki, tüstünün böyük hissəsi atmosferin aşağı qatlarında qalmış və bir neçə ay ərzində tədricən dağılmışdır. Bu səbəbdən təsir əsasən regional səviyyədə olmuşdur. Torpaq və ekosistemlər ciddi zərər görmüşdü. Neft sızmaları nəticəsində göllər və səhranın geniş sahələri çirklənmiş, bu isə bitkilərin və heyvanların həyatına mənfi təsir göstərmişdi. Bir çox canlı növləri məhv olmuş, ekosistemlərdə uzunmüddətli dəyişikliklər baş vermişdi. Ümumilikdə, müharibələrin ətraf mühitə və iqlimə təsiri çoxşaxəlidir və sadalamaqla bitmir. Meşə yanğınları, kimyəvi maddələrin yayılması və digər amillər həm təbiətə, həm də insan sağlamlığına ciddi təhlükə yaradır. Hətta qadağan olunmuş silahlardan istifadə edilmədiyi hallarda belə, bu təsirlər kifayət qədər böyükdür. Əgər belə silahlardan istifadə olunarsa, zərərin miqyası daha da ağır ola bilər”.

Nurcan Babək

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
avtosfer.az

1Источники