RU

De Vaal: İran müharibəsi TRIPP layihəsini ləngidir...

Carnegie Europe analitiki Qərbin Ermənistan seçkiləri öncəsi pərdəarxası fəallaşdığını bildirib...

Poliqon xəbər verir ki, Tomas de Vaal Carnegie Europe adından RFE/RL nəşrinə müsahibəsində bildirib ki, İran ətrafında davam edən müharibə “TRIPP” layihəsinin həyata keçirilməsini ciddi şəkildə ləngidir. Onun sözlərinə görə, bunun iki əsas səbəbi var.

Analitik qeyd edib ki, birinci səbəb təhlükəsizlik faktorudur. Belə ki, İran sərhədinə yaxın ərazilərdə amerikalı mütəxəssislərin yerləşdirilməsi davam edən hərbi qarşıdurma şəraitində olduqca risklidir. İkinci səbəb isə maliyyə ilə bağlıdır. De Vaal bildirib ki, İranın bilavasitə yaxınlığında yerləşən marşruta özəl investisiyaların cəlb olunması getdikcə çətinləşir.

Onun sözlərinə görə, buna baxmayaraq layihənin ilkin mərhələdə güclü siyasi dəstəyi olub. Yanvar ayında Vaşinqtonda mühüm saziş imzalanıb, daha sonra isə Cey Di Vens regiona səfər edib. Analitik hesab edir ki, əsas maneələrin böyük hissəsi aradan qaldırılıb və Donald Tramp marşrutun tikintisini ikinci prezidentlik müddətinin sonuna, yəni 2028-ci ilə qədər başa çatdırmaq niyyətindədir.

De Vaal ötən həftə Bakı ilə Rusiya arasında müşahidə olunan yaxınlaşmaya da toxunaraq bunu təsadüfi saymadığını bildirib. O, Naxçıvan hava limanı yaxınlığında raket zərbələrini xatırladaraq vurğulayıb ki, təhlükə hissi yaratmaq üçün bir və ya iki raket kifayətdir. Onun fikrincə, Moskva yaranmış vəziyyətdən faydalanmağa çalışır: əgər TRIPP reallaşsa, Rusiya bu marşrutdan istifadə etmək istəyəcək, əks halda isə özünü daha etibarlı tərəfdaş kimi təqdim etməyə cəhd göstərəcək.

Analitik Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərinə də münasibət bildirib. O deyib ki, Qərb proseslərdə kifayət qədər fəaldır, lakin işlərin böyük hissəsi pərdəarxasında aparılır. De Vaalın sözlərinə görə, Fransa və ABŞ tərəfindən Nikol Paşinyan üçün fiziki təhlükəsizlik dəstəyi də göstərilir.

Rusiyanın Ermənistana təsir imkanlarını isə o, məhdud qiymətləndirib. Analitik bildirib ki, Moskvanın uğur qazanması üçün güclü müxalifət lazımdır, lakin hazırkı şəraitdə belə qüvvə görünmür. Eyni zamanda o, Azərbaycanın maraqlarına dair müxtəlif baxışların mövcud olduğunu qeyd edib. Bəziləri Bakı üçün güclü erməni hakimiyyətinin daha sərfəli olduğunu düşünür, digərləri isə daha müstəqil Paşinyanın Qərbə yaxınlaşaraq əlavə problemlər yarada biləcəyini hesab edir.

Poliqon.info

Избранный
2
poliqon.info

1Источники