RU

Belçika və Niderlandın qərarlarına etiraz Milli Məclisin deputatı Elşad Musayev: “Azərbaycanı əsassız ittiham edirlər”

ain.az bildirir, Bizimyol portalına istinadən.

Belçika və Niderlandın Nümayəndələr Palataları 2026-cı il aprelin 16-da Azərbaycan–Ermənistan sülh prosesinə, həmçinin hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyan qətnamələr qəbul ediblər.Bu qətnamələri regiondakı sülh səylərinə müdaxilə kimi qiymətləndirmək olarmı?

Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Belçika və Niderland parlamentləri aprel ayında Azərbaycanla bağlı qətnamə qəbul ediblər. Deputatın sözlərinə görə, sənəddə əsasən Azərbaycan ittiham olunur, insan hüquqları və erməni mənşəli şəxslərin həbsi ilə bağlı “narahatlıq” ifadə edilir, həmçinin Ermənistanın ərazi bütövlüyünün pozulması iddiası irəli sürülür.

Deputat qeyd edib ki, Niderland parlamenti daha bir məqama toxunaraq Azərbaycandan Laçın dəhlizinin açılmasını və regionda hərəkət azadlığının təmin edilməsini tələb edib.

“Laçın dəhlizi artıq tarixdə qalıb. Ermənilər öz seçimlərini edərək həmin əraziləri tərk ediblər. Görünən odur ki, bəzi dairələr hələ də mövcud reallıqlardan xəbərsizdir və beynəlxalq ictimaiyyəti Azərbaycana təzyiq göstərməyə çağırırlar”, – deyə Elşad Musayev  bildirib.

Elşad Musayevin sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələyə kəskin reaksiya verərək həmin ölkələrin səfirlərini çağırıb və qətnamələri qərəzli, əsassız, eyni zamanda Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Deputat əlavə edib ki, Avropa ölkələrinin bir qismi Azərbaycan–Ermənistan məsələsində çox zaman qərəzli mövqe nümayiş etdirir: “Bəzi Avropa ölkələri xristian təəssübkeşliyi fonunda Ermənistanı dəstəkləyir. Onların bu yanaşması region reallıqlarına uyğun deyil və obyektiv hesab oluna bilməz”.

Deputatın fikrincə, bu cür qətnamələrin praktiki əhəmiyyəti yoxdur: “Dünya təkcə Belçika və Niderlanddan ibarət deyil. Bu qərarlar daha çox kağız üzərində qalır və real proseslərə təsir etmir”.

Elşad Musayev vurğulayıb ki, Azərbaycan öz siyasətini davam etdirəcək və Ermənistanla bağlı məsələlərdə heç bir güzəşt gündəmdə deyil. “Ermənilər öz seçimlərini ediblər və regiondan çıxıblar”, – deyə o əlavə edib.

Deputat həmçinin bildirib ki, rəhbərlik etdiyi “Böyük Azərbaycan Partiyası” Belçika və Niderlandın, eləcə də, Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qərarlarına qarşı etiraz mövqeyini davam etdirir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
40
bizimyol.info

10Источники