ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynanın şərqində Rusiyanın hərbi təcavüzünə qarşı aparılan müharibədə Ukrayna robotlardan istifadə edir. Rusiya ordusunun postlarından birinə robotların hücumu və postun ələ keçirilməsi görüntülərini yəqin ki izləmisiniz. Bu, dünyanın taleyinə mühüm təsir göstərən bir yenilik sayılır.
Çox qızğın mübahisə gedir. İkiqütblü dünya düzəni Sovet İttifaqı ilə birlikdə dağılıb getdi. İndi kimisi təkqütblü dünya düzənini saxlamağa çalışır, kimiləri çoxqütblü dünya sisteminə keçiddən danışır. Ancaq əslində yenə dünya iki qütbə bölünüb: bir tərəfdə müharibələrdən qazanan və müharibələri davam etdirən qütb var, o biri tərəfdə isə müharibələrdən əziyyət çəkən, müdafiə olunmağa çalışan qütb var.
İki Dünya Müharibəsini yaşamış Planetdə hələ də tək qlobal hakim güc olma qəflətinə düşənlər var.
II Dünya Müharibəsi demişkən, Almaniya cahan savaşındakı məğlubiyyətindən sonra onun üzərinə qoyulmuş mühüm bir hərbi-siyasi qadağadan qurtuldu. Alnaniya Federativ Respublikasının Federal Konstitusiya Məhkəməsi 1994-cü il iyulun 12-də çıxardığı qərarla Alnaniya ordusunun -Bundesverin NATO məsuliyyət ərazisinin kənarında da qoşun saxlamağa icazə verdi. Yəni bunu Konstitusiyaya uyğun hüquq olaraq təsdiqlədi. İkinci Dünya Müharibəsinin daha bir məğlubu - Yaponiya isə, budur, ölkə xaricinə silah satışını qadağan edən öhdəlikdən çıxır. Dünya silah bazarına yeni bir oyunçu - Yaponiya kimi bir ölkə də qoşulur. Beynəlxalq silah bazarına Yaponiya kimi bir ölkə daxil olur. Bu, dünyada silah satışı rəqabətinə yeni bir dramatizm qatır. Əgər dünya yeni bir dünya nizamına doğru gedirsə, bu, müharibələrin bitməsi üzərinə deyil, daha da böyüməsinə hesablanmış bir düşüncədir. Dünya silahsızlaşmaya deyil, daha çox silahlanmaya gedir. Necə deyərlər, pis günlər bitib, daha pis günlər başlayır.
Ukraynadakı döyüş robotlarına qayıdaq. Bu, hərbə və sülhə dair paradiqmanı dəyişir. Əslində Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibədə dəyişmişdi paradiqma. Ukraynada isə proses davam edir. Müharibə adamların, coğrafiyaların, geosiyasi strategiyaların deyil, büdcələrinin, yeni texnologiyaların, milli iqtisadiyyatların mübarizəsi mərhələsinə keçir. Kimin iqtisadiyyatı güclü olacaq, kim elmə, təhsilə, yeni texnoloji trendlərə daha çox diqqət verəcəksə, daha çox pul xərcləyəcəksə, o da qalib olacaq. Döyüşərək, ya da döyüşmədən...
Azərbaycan da bu baxımdan öz strategiyasını yenidən dəyərləndirmək və qərar vermək zərurəti qarşısındadır.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.