Süni intellektin kütləvi tətbiqi hələlik əmək məhsuldarlığında gözlənilən artımı təmin etmir. İqtisadçılar mövcud vəziyyəti 1980-ci illərdə Robert Solounun irəli sürdüyü paradoksla müqayisə edirlər: kompüterlərin meydana çıxması da uzun müddət nə mənfəətin artımında, nə də məhsuldarlığın yüksəlməsində özünü göstərməmişdi. Əvəzində bu proses kompüterləşməyə yönələn nəhəng investisiyalarla müşayiət olunurdu, Fortune yazır.
Solou paradoksu nədir1987-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı almış amerikalı iqtisadçı Robert Solou diqqət çəkmişdi ki, tranzistorlardan mikroprosessorlara qədər hesablama texnikasının sürətli inkişafına baxmayaraq, əmək səmərəliliyində, yəni işçilərin daha az vaxtda daha çox iş görmək qabiliyyətində gözlənilən artım tez baş vermədi. Əksinə, artım tempi 1948–1973-cü illərdəki 2,9%-dən 1973-cü ildən sonra 1,1%-ə enmişdi. Solounun məşhur ifadəsi belə idi: “Kompüter dövrünü məhsuldarlıq statistikası istisna olmaqla hər yerdə görmək olar”. Məhz bu fikir sonradan “Solou paradoksu” adlandırıldı.
Kompüterlər işi sürətləndirmək əvəzinə, çox vaxt informasiya yükünü artırırdı: hesabatlar daha həcmli olur, məlumatların işlənməsi isə daha mürəkkəbləşirdi. Bunun real effekti yalnız onilliklər sonra özünü göstərdi.
Tarix təkrarlanırHazırda süni intellekt ətrafında da oxşar vəziyyət yaranıb. Bu texnologiya haqqında çox danışılır — 2024-cü ilin sentyabrından 2025-ci ilin sentyabrına qədər S&P 500 indeksinə daxil olan 374 korporasiya investorlar üçün hesabatlarında süni intellektdən bəhs edib — amma makroiqtisadi səviyyədə bu təsirlər demək olar ki, görünmür.
ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosunun fevralda dərc olunan araşdırmasında ABŞ, Böyük Britaniya, Almaniya və Avstraliyadan 6 min top-menecer iştirak edib. Onların təxminən üçdə ikisi süni intellektdən istifadə etdiyini deyib, amma orta hesabla həftədə cəmi 1,5 saat. Sorğuda iştirak edənlərin dörddə biri isə ümumiyyətlə süni intellektdən istifadə etmir. Şirkətlərin demək olar ki, 90%-i bildirib ki, son üç ildə süni intellekt nə məşğulluğa, nə də əmək məhsuldarlığına heç bir təsir göstərməyib.
İtirilmiş artımAyrı-ayrı araşdırmalar süni intellektin effektivliyi ilə bağlı fərqli qiymətləndirmələr təqdim edib. Məsələn, MIT alimləri 2023-cü ildə belə nəticəyə gəlmişdilər ki, ondan istifadə edən işçilərin məhsuldarlığı 40%-ə qədər arta bilər.
Reallıqda isə göstəricilər xeyli təvazökar olub. 2024-cü ildə korporativ sektorun süni intellektə yatırımları 250 milyard dolları keçib, amma praktikada bu investisiyaların effekti “daxil olan makroiqtisadi məlumatlardan başqa hər yerdə” hiss olunub. Apollo-nun baş iqtisadçısı Torsten Slok Solounun müşahidəsini təkrarlayaraq bunu belə ifadə edir. Onun sözlərinə görə, “möhtəşəm yeddilik” texnologiya nəhənglərindən kənarda süni intellekt nə marjaya, nə də mənfəət gözləntilərinə ciddi təsir göstərir.
Sent-Luis Federal Ehtiyat Bankının noyabrda yayımlanan hesabatı göstərib ki, ChatGPT istifadəyə veriləndən sonra süni intellekt əmək məhsuldarlığını cəmi 1,3% artıra bilib. 2024-cü ildə MIT-də Nobel mükafatçısı Daron Acemoğlunun rəhbərliyi ilə aparılmış araşdırma isə daha da aşağı nəticə verib — on il ərzində cəmi 0,5%.
“Düşünmürəm ki, on ildə 0,5%-i əhəmiyyətsiz saymaq olar, bu, sıfırdan yaxşıdır”, — Acemoğlu deyirdi. “Amma bu, sənayenin və texnologiya jurnalistlərinin vədləri ilə müqayisədə məyusedici dərəcədə azdır”.
Niyə süni intellekt gözlənilən effekti vermirManpowerGroup-un 19 ölkədə 14 min işçini əhatə edən qlobal araşdırması göstərib ki, 2025-ci ildə süni intellektdən müntəzəm istifadə 13% artsa da, bu texnologiyaya etibar 18% azalıb.
Boston Consulting Group-un 1 488 amerikalı əməkdaş arasında keçirdiyi sorğu isə müəlliflərin “AI brain fry” adlandırdığı effekti üzə çıxarıb. Yəni “süni intellektdən beyin yorğunluğu”. Araşdırmaya görə, üçədək süni intellekt alətindən istifadə məhsuldarlığı artırır, amma dörd və daha çox alət işə qoşulduqda respondentlər “başda duman”, diqqət dağınıqlığı və xırda səhvlərin artmasından şikayət ediblər.
Süni intellektin yaratdığı təsirin bir hissəsi iqtisadiyyat üçün “görünməz” də qala bilər. Məsələn, Stanford-un araşdırması göstərib ki, gündəlik onlayn tapşırıqlarda — səyahət planlaşdırılması, alış-veriş və sair — səmərəlilik 76–176% artıb. Amma insanların qazandıqları əlavə vaxt əlavə işləməyə yox, daha çox dincəlməyə sərf olunur.