RU

Vaşinqtonda İrana qarşı müharibəyə etiraz edən onlarla veteran saxlanılıb

ABŞ paytaxtında keçirilən etiraz aksiyası zamanı aksiyaçılar Konqres binası kompleksində yerləşən Cannon House ofis binasını tutub, polis isə ən azı 62 nəfəri həbs edib...

Poliqon xəbər verir ki, The Hill nəşrinin yaydığı məlumata görə, ABŞ-nin paytaxtı Vaşinqtonda İrana qarşı müharibəyə etiraz edən azı 62 nəfər saxlanılıb. Bildirilir ki, aksiya iştirakçıları Konqresin Cannon House ofis binasına daxil olaraq etiraz nümayişi keçiriblər və bundan sonra Kapitoli polisi müdaxilə edib.

Məlumata əsasən, etiraz aksiyası bir neçə veteran və müharibə əleyhinə təşkilat tərəfindən təşkil olunub. Aksiyaçılar ABŞ zərbələri nəticəsində həlak olmuş iranlıların xatirəsinə qırmızı lalələr daşıyıb, həmçinin “İranla müharibəni dayandırın” şüarı yazılmış bannerlər açaraq müharibə əleyhinə çağırışlar səsləndiriblər.

Etirazçılar eyni zamanda həlak olmuş amerikalı hərbçilərin xatirəsini simvolizə edən bayraq qatlama mərasimi də keçiriblər. Polis müdaxilə edənədək onlar müharibə əleyhinə şüarlar səsləndirməyə davam ediblər. Təşkilatçıların sözlərinə görə, aksiya iştirakçıları Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüş tələb edib və fevralın 28-də başlandığı bildirilən münaqişənin maliyyələşdirilməsinə son qoyulmasına çağırıblar.

Saxlanılanlar arasında “Center on Conscience and War” təşkilatının icraçı direktoru, İraq müharibəsi veteranı Mayk Prisnerin də olduğu qeyd edilir. O, münaqişəni “dərin şəkildə qeyri-populyar” adlandırıb və fəaliyyətdə olan hərbçilərin vicdani etiraz əsasında xidmətdən imtina hüququna malik olduqlarını bildirib.

Aksiya ABŞ, İsrail və İran arasında iki həftəlik atəşkəs müddətinin başa çatmasına az qaldığı bir vaxtda keçirilib. Donald Tramp bu müddətin uzadılması ehtimalını rədd edib və yenidən Tehranla İranın nüvə proqramını istisna edən sazişin zəruriliyini vurğulayıb. O, eyni zamanda, razılaşmadan imtina ediləcəyi təqdirdə mümkün nəticələr barədə xəbərdarlıq edib.

Xəbərdə qeyd olunur ki, ABŞ ilə İran arasında danışıqların çərşənbə günü İslamabadda keçirilməsi ilkin olaraq planlaşdırılıb. Lakin İran tərəfinin bu görüşdə iştirakı hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Poliqon.info

Избранный
22
poliqon.info

1Источники