ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsti ayların gəlişi ilə avtomobil sahiblərini gözləyən gizli təhlükələrlə bağlı sürücülərə xəbərdarlıq edilib.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər xüsusilə aprel ayı ərzində nəqliyyat vasitələrinin ağacların altında park edilməsinin ciddi risklər yaratdığını bildirirlər. İlk baxışda ağac kölgəsi avtomobili günəşdən qorumaq üçün ideal seçim kimi görünsə də, bu dövrdə əksinə, əlavə problemlərə səbəb ola bilər.
Qeyd olunur ki, yaz aylarında ağaclardan tökülən tozcuqlar, çiçəklər və xüsusilə yapışqan şirə avtomobilin şüşə və kuzov hissəsinə yapışaraq həm estetik, həm də texniki problemlər yaradır. Bu maddələr sadə yuma ilə asanlıqla təmizlənmir, günəş şüalarının təsiri ilə daha da bərkiyərək səthə yapışır.
Mütəxəssislərin sözlərinə görə, ən böyük risklərdən biri görmə qabiliyyətinin məhdudlaşmasıdır. Belə ki, ön şüşədə toplanan bu qat siləcəklər işə salındıqda tam təmizlənmək əvəzinə daha geniş sahəyə yayılır və sürücünün görmə bucağını ciddi şəkildə azaldır. Bu isə birbaşa qəza riskini artırır.
Bundan əlavə, çirkli və ya görünürlüğü məhdudlaşdıran şüşə ilə hərəkət etmək yol hərəkəti qaydalarına görə pozuntu sayılır və sürücülər üçün inzibati məsuliyyət yarada bilər.
Ekspertlər bildirirlər ki, bu cür halların qarşısını almaq üçün avtomobillər mümkün qədər açıq və təhlükəsiz yerlərdə park edilməli, şüşələr isə mütəmadi olaraq təmizlənməlidir. Eyni zamanda, yaz aylarında günəş şüalarının aşağı bucaq altında düşməsi nəticəsində yaranan parıltı və qəfil yağan yağışların yaratdığı sürüşkən yol şəraiti də sürücülərdən daha diqqətli olmağı tələb edir.
Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, yaz mövsümündə nəqliyyat vasitələrinin saxlanma yerinə və texniki vəziyyətinə daha həssas yanaşsınlar.
Eltac Zülfüqaroğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.