London, 20 aprel, AZƏRTAC
Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper İran müharibəsi ilə bağlı atəşkəsin daimi hala gətirilməsi və Hörmüz boğazı ətrafında növbəti addımlar üzrə beynəlxalq konsensus formalaşdırmaq məqsədi daşıyan intensiv diplomatik səfərini vaxtından əvvəl başa vuracaq.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, nazirin rəhbərlik etdiyi qurum Böyük Britaniyanın ABŞ-dəkı səfiri vəzifəsinə Piter Mandelsonun təyinatı ilə bağlı yaranmış yeni böhranın mərkəzindədir. Hökumət ötən həftə bildirib ki, Xarici İşlər Nazirliyinin rəsmiləri Piter Mandelsonun bu vəzifəyə təyin edilməməsi ilə bağlı ilkin tövsiyəni nəzərə almadan qərar veriblər. Bu açıqlama müxalifət tərəfindən sərt reaksiyaya səbəb olub və Baş nazir Kir Starmerin istefası ilə bağlı yeni çağırışlara yol açıb. Starmer isə bildirib ki, o, təhlükəsizlik yoxlaması ilə bağlı ilkin tövsiyədən xəbərsiz olub və məsələ ilə bağlı bu gün Parlamentdə çıxış edəcək.
Yaranmış vəziyyət fonunda İvett Kuper Yaponiyaya səfərinin proqramını qısaldaraq bazar ertəsi keçiriləcək görüşlərdən sonra Londona qayıdacaq. Bununla yanaşı, o, sabah Tokyoda planlaşdırılan çıxışını və Körfəz regionuna nəzərdə tutulan səfərini ləğv edib.
Qeyd edək ki, ötən il P.Mandelson cinsi cinayətlərə görə məhkum olunmuş və sonradan həbsxanada intihar edən milyarder Cefri Epşteynlə əlaqələrinə dair yeni məktubların üzə çıxmasından sonra ABŞ-dəki Britaniya səfiri vəzifəsindən azad edilib.