RU

Ekspert: Hazırkı geosiyasi proseslər Azərbaycanın nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artırır

Bakı, 20 aprel, AZƏRTAC

Son dövrlərdə müşahidə olunur ki, həm Azərbaycanın şimalında, həm də cənubunda yerləşən ölkələrdəki münaqişələr Azərbaycanın tranzit əhəmiyyətini daha da artırıb.

İqtisadçı-ekspert Emin Qəribli AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

“Bu çərçivədə həm daxili investisiyalar yatırılıb, həm də xarici sərmayə cəlb edilib, müxtəlif beynəlxalq sazişlər imzalanıb. Türk dövlətləri arasında və digər platformalarda əməkdaşlıq gücləndirilib, birgə fondlar və institutlar yaradılıb. Hazırkı geosiyasi proseslər Azərbaycanın nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artırır və mövcud imkanlardan daha səmərəli istifadə üçün əlverişli şərait yaradır. İqtisadiyyat elə bir sahədir ki, ölkələr ticarət əlaqələrini qorumağa çalışır və kapital əsasən sabit mühitə yönəlir”, - deyə ekspert vurğulayıb.

Ekspertin sözlərinə görə, Azərbaycanın sabit ölkə kimi çıxış etməsi onun əsas üstünlüklərindən biridir: “Orta dəhliz boyunca yerləşən ölkələrin əksəriyyəti də dayanıqlı iqtisadi inkişaf nümayiş etdirir. Müasir dövrdə əsas çağırışlardan biri ölkələrin etibarlı və stabil tərəfdaşlar axtarmasıdır. Azərbaycanın nəqliyyat dəhlizləri isə bu baxımdan etibarlı və cəlbedici platforma kimi ön plana çıxır”.

Избранный
4
azertag.az

1Источники