RU

Buraxılış imtahanında yüksək nəticələr üzrə mənzərə DƏYİŞDİ

9 mart tarixində keçirilən buraxılış imtahanının nəticələri elan olunduqdan sonra məlum oludu ki, əvvəlki illərlə müqayisədə yüksək nəticə toplayanlar əsasən qızlar olsa da, bu il vəziyyət fərqlidir. Təbii ki, növbəti buraxılış imtahanlarında qızların yenidən üstünlük təşkil etməsi mümkündür, lakin hazırkı mənzərə belədir.

Bəs bu dəyişiklik oğlanların təhsildə göstəricilərinin yaxşılaşması ilə bağlı ola bilərmi?

AzEdu.az-a bu barədə açıqlama verən təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, hazırkı imtahanlarda sualların çətinliyi həm oğlanlar, həm də qızlar üçün müəyyən çətinliklər yaradıb:

“Təəssüf ki, 9 mart tarixində keçirilmiş imtahanlarla bağlı əvvəlcədən səsləndirilən proqnozlar özünü doğrultdu. Gözlənilirdi ki, imtahanlar çətin olacaq və nəticələr aşağı düşəcək - gördüyümüz kimi, bu da belə oldu. Məlumat üçün qeyd edim ki, ən yüksək nəticə göstərən hər üç abituriyent Bakı şəhəri və Bakı ətrafı bölgələrdəndir.

Biz dəfələrlə qeyd etmişik ki, Dövlət İmtahan Mərkəzinin xüsusi hazırlıq vəsaitləri mövcuddur. Həmin vəsaitlərdən istifadə edə bilməyən, yaxud hazırlıq imkanları məhdud olan şagirdlər təbii olaraq yüksək nəticə göstərə bilmirlər. 2023-cü ildə bölgələr üzrə demək olar ki, yüksək nəticə yox idi. 2024-cü ildə 55, 2025-ci ildə isə 45 nəfər yüksək nəticə göstərmişdi və onların əksəriyyəti qızlar idi".

Azərbaycanda ali təhsilə qəbul imkanları azalmır, əksinə, ildən-ilə artır:

"Bu, əsasən onunla bağlı idi ki, 2024-2025-ci illərdə tərtib olunan suallar kurikulum standartlarına daha uyğun idi. Yəni buraxılış imtahanlarında nəticələr böyük ölçüdə bu uyğunluqdan asılı idi. Lakin hazırkı imtahanlarda sualların çətinliyi həm oğlanlar, həm də qızlar üçün müəyyən çətinliklər yaradıb.

Bu səbəbdən hesab edirəm ki, burada əsas məsələ oğlan və ya qız fərqi deyil. Daha çox hazırlıq imkanları rol oynayır. Kimlər ki, həmin vəsaitləri əldə edə bilib, kurslara gedib, repetitorlarla hazırlaşıb və imtahan modelinə uyğun məşq edib, onlar daha yaxşı nəticə göstəriblər.

Ümid edək ki, blok imtahanlarında daha müsbət mənzərə ilə qarşılaşarıq və abituriyentlər, eləcə də valideynlər üçün bu proses daha az gərgin keçər. Ümumilikdə isə belə görünür ki, Azərbaycanda ali təhsilə qəbul imkanları azalmır, əksinə, ildən-ilə artır. Bu baxımdan, ali təhsil hədəfləyən abituriyentlərin böyük əksəriyyətinin tələbə adını qazanmaq şansı var.

Sadəcə məsələ ondadır ki, əvvəlki illərlə müqayisədə çox yüksək bal toplamaq hər kəs üçün mümkün olmaya bilər. Əgər nəticələr aşağı olarsa, ehtimal ki, keçid ballarında da müəyyən enmələr müşahidə ediləcək və bu da daha aşağı bal toplayan abituriyentlərin ali təhsilə qəbulunu mümkün edə bilər”.

Избранный
21
azedu.az

1Источники