RU

Sönən işığa vətəndaş niyə pul ödəməlidir?

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Elektrik enerjisi gündəlik yaşayışın ayrılmaz hissəsidir və enerjidə yaranan fasilələr insanların həyatına mənfi təsir göstərir. 

Bir ərazidə elektrik enerjisində yaranan fasilə nəinki həmin ərazidə yaşayan sakinlərin, eləcə də orada yerləşən bütün obyektlərin, idarələrin fəaliyyətinə təsirsiz ötüşmür. "Bu gün elektrik enersininin verilməsində fasilə olacaq" kimi məlumatlara isə tez-tez rast gəlinir. 

Yaxud da heç bir xəbərdarlıq edilmədən müxtəlif ərazilərə elektrik enerjisi verilməsi dayandırılır. Məsələn, Azadlıq prospekti 161 B ünvanında son günlər bir neçə dəfə elektrik enerjisinin verilməsi dayandırılıb. "Azərişıq" yaranmış problemin səbəbinin "planlı təftiş ilə əlaqədar" olduğunu bildirib. 

Qeyd edək ki, paytaxtda elektrik enerjisinin verilməsində yaranan fasilələrlə bağlı sakinlər dəfələrlə üzləşsələr də problem həllini tapmır. Ancaq elektrik enerjinin qiymətlərinin ödənişi ilə bağlı müvafiq qurum heç də "fasilə" yaratmır. 

Tariflərin dəyişməsi insanların büdcəsinə birbaşa təsir göstərir. Xatırladaq ki, Tarif Şurasının 29 dekabr 2024-cü il qərarına əsasən, əhali üçün üç tarif kateqoriyası müəyyən edilib: 0–200 kVt – 8,4 qəpik, 200–300 kVt – 10 qəpik, 300-dən çox – 15 qəpik/kVt-saat. Bunlar 2025-ci ilin yanvarın 2-dən tətbiq olunur. Hər kateqoriya əvvəlki səviyyədən müvafiq olaraq 5 %, 11,1 % və 15,4 % artım göstərir. 

Əhali abonentlərinin 65%-i üçün aylıq elektrik xərci cəmi 45 qəpik artıb. Bu qrup əsasən ayda 200 kVt/saatadək istifadə edənlərdən ibarətdir. 2026-cı il yanvarın 1-dən isə əhali həm qaz, həm də elektrik enerjisi üçün hərəsinə 1 manat olmaqla sabit tarif ödəyir. 

Beləliklə, həm baha elektrik enerjisi qiymətləri, eləcə də sabit tarifin tətbiqinə baxmaraq, vətəndaşlar ödədikləri məbləğin müqabilində keyfiyyətli elektrik enerjisi ilə təmin edilmirlər. 

Belə problemlərlə üzləşməmək üçün ən optimal variant alternativ elerjinin tətbiqidir ki, həm fasiləsiz eneji ilə təmin olunsun, həm də davamlı olaraq bahalaşan enerji qiymətləri ödəməsin. 

Xatırladaq ki, Azərbaycanda külək enerjisi istehsalı 26 dəfə artıb. Belə ki, cari ilin yanvar-mart aylarında külək elektrik stansiyalarında 247,7 milyon kVt/saat (+26,1 dəfə), günəş elektrik stansiyalarında 91,3 milyon kVt/saat (-18,8 %) elektrik enerjisi istehsal edilib. 

Əgər vətəndaşlar davamlı elektrik enerjisi ilə təmin edilmirsə, niyə abonentlər yüksək məbləğdə vəsait ödəməlidir? 

Məsələ ilə bağlı iqtisadçı-eskpert Natiq Cəfərli "Cebheinfo.az"-a bildirib ki, külək enerjisi istehsalının 26 dəfə artması böyük rəqəmdir, ancaq ümumi istehsal və istehlak olunan enerjinin həcminə baxanda hələ də çox azdır: 

"Ona görə də onun ciddi bir effekt doğuracağını düşünmürəm. Ancaq Azərbaycanda vətəndaşların bərpa olunan enerjidən istifadə haqlarını müdafiə edə biləcək bir qanunvericiliyə ehtiyac var. Yəni vətəndaş özü günəş və ya külək enerjisi istehsal etməyə haqqı olmalıdr və artıq qalanı da dövlətə satmalıdır. 

Belə bir konfiqurasiya qurulmalıdır ki, bir çox ölkələrdə Skandinaviya, Türkiyə, Kiprdə mövcud olan bu qayda var. İnsanlar özləri istehsal edir, enerji haqlarını ödəmir, elektrik enerjisini pulsuz əldə edir və artıq qalanını dövlətə satır. 

Belə bir sistemin qurulması həm külək və günəş enerjisinə marağı artıracaq, həm də vətəndaşların özü həmin enerji növlərindən istehsal edib istifadə etdiyinə görə, demək olar ki, pulsuz olacaq. 

Hətta bəzi ölkələrdə bu məqsədlə vətəndaşlara faizsiz kredit də verilir. Məsələn, bir evin Günəş panelləri ilə örtülməsi təxminən 4-5 min manata başa gəlir. Bunu vətəndaşa faizsiz kredit şəklində vermək olar.

Vətəndaş onu müqavilədən asılı olaraq 1-3 ilə ödəsin. Sonradan artıq pulsuz elektrik enerjisindən istifadə etməsi həm ailə büdcəsinə müsbət təsir edəcək, eləcə də bunu sənaye müəssisələrinə də tətbiq etmək olar. 

Məsələn, sənaye müəssisələrində "texniki şərt" adı altında daha çətin bir prosedur qoyublar. Nə fərqi var ki, elektrik enerjisini şəbəkədən alır və yaxud da küləkdən, günəşdən alır. 

Sənaye müəssisələrinə belə bir haqq tanınsa, Azərbaycanda istehsalın maya dəyəri aşağı düşə bilər. Maya dəyəri aşağı düşdükcə də Azərbaycanda istehsal olunan məhsulları bazarda daha ucuz qiymətə görə bilərik".Nigar Abdullayeva 

"Cebheinfo.az"

Açar sözlər:

elektrik enerjisi Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
2
cebheinfo.az

3Источники