RU

Ekspert: Aİ Azərbaycanda transsərhəd kibertəhdidlərinə qarşı dayanıqlıq layihəsi hazırlayır

Bakı, 20 aprel, AZƏRTAC

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən kibertəhlükəsizlik layihəsi Azərbaycanda sərhədyanı kibertəhdidlərə qarşı potensialın artırılması və dayanıqlığın gücləndirilməsi məqsədi daşıyır.

Bu barədə AZƏRTAC-a Estoniya Elektron İdarəçilik Akademiyası Fondunun kibertəhlükəsizlik üzrə baş eksperti Elza Neyeme məlumat verib.

O, layihənin ötən il başladığını, Azərbaycandan olan tərəfdaşlar və mütəxəssislər ilə birgə həyata keçirildiyini qeyd edib.

“Bəli, layihə Azərbaycana yönəlib, lakin kibertəhlükəsizlik təhdidləri öz təbiətinə görə sərhədyanı xarakter daşıyır. Buna görə də ölkədən asılı olmayaraq, eyni düşüncəli dövlətlərlə Avropa İttifaqı arasında əməkdaşlıq hamımızın istifadə etdiyi bank xidmətləri də daxil olmaqla, həyati əhəmiyyətli xidmətlərin rahat işləməsini təmin etmək üçün çox vacibdir”, -deyə agentliyin müsahibi vurğulayıb.

Ekspert layihənin potensialın artırılması üzrə bir sıra təlim sessiyalarına xüsusi diqqət yetirildiyini qeyd edib. Onlardan biri də maliyyə sabitliyinə həsr olunub.

Elza Neyemenin sözlərinə görə, təlim təkcə nəzəri əsaslara və Avropa təcrübəsinə əsaslanmır, həm də qarşılıqlı bilik mübadiləsini ehtiva edir.

“Bu təlimin qarşılıqlı faydalı olması bizim üçün vacibdir. Bu, təkcə biliklərin ötürülməsi ilə deyil, həm də təhdid vektorları, ən aktual risklər, onların azaldılması üsulları, eləcə də dəyişən risk mənzərəsindəki Azərbaycanın təcrübələri haqqında sizdən məlumat almaqla bağlıdır” - deyə estoniyalı ekspert bildirib.

Bundan əlavə, insidentlərin idarə edilməsi bölmələri, xüsusən də CSIRT komandaları üçün ayrıca bir kurs təşkil olunur.

“Müxtəlif təşkilatların yüksək səviyyədə iştirakı və marağı mövzunun aktuallığını təsdiqləyir. Burada olmaqdan çox məmnunuq və məhsuldar bir həftə olacağını gözləyirik”, - deyə ekspert əlavə edib.

Müxbir - Pərvanə Qafarova
Foto – İlkin Cavanşirov
Избранный
27
1
azertag.az

2Источники