RU

Ərəb fars mənşəli adları dəyişdirmək lazımdır Akademikdən ÇAĞIRIŞ

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Deputat Fazil Mustafa bildirib ki, Azərbaycanda milli ad və soyad məsələsi illərdir müzakirə olunsa da, nəticə hələ arzuolunan səviyyədə deyil. Onun sözlərinə görə, övladlara ad seçimində fərdi hüquqlara hörmət edilməli, eyni zamanda milli adların təbliği gücləndirilməlidir. Millət vəkili qeyd edib ki, ərəb, fars, rus və digər xarici mənşəli adların nəsildən-nəslə ötürülməsi ənənəsindən uzaqlaşmaq lazımdır. O əlavə edib ki, soyadlarda dəyişiklik etmək çətin olsa da, gələcək nəsillərin adlarının milli saflığını qorumağa çalışmaq vacibdir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan akademik Nizami Cəfərov bildirdi ki, Fazil Mustafa düz deyir:

"Hər iki cəhətə çox fikir vermək lazımdır, bizim buna ehtiyacımız var. Prezidentimiz də dilimizin saflığı barədə danışanda, əlbəttə, adlarımızın və soyadlarımızın da getdikcə milliləşməsini nəzərdə tuturdu. Birinci növbədə addan başlayaq. Bizim yaxşı adlarımız var, əslində. Zaman-zaman bu ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır. Təbii ki, hamısını yox. Hansı bir qədər mürəkkəbdirsə, çətindirsə, səslənməsi o qədər də uğurlu deyilsə, o adları daha sadələri ilə və daha milli olanlarla əvəz etmək lazımdır. Qədim dövrlərdə folklor abidələrimizdə, yazılı ədəbiyyatda da, ümumtürk bazasında da bizim külli miqdarda ortaq adlarımız var ki, bu adları qoymaq lazımdır. İndi mən demirəm uşaqlarımıza "Bozqurd" adı qoyaq, amma hər halda təbiətdən gələn, folklordan gələn, kifayət qədər ictimai və kifayət qədər milli adlarımız var. Onların bir hissəsi qoyulur, məsələn, Toğrul kimi, Eldar kimi. Yəni bu tipli çoxlu adlar var, o adlar qoyulmalıdır. Başqa bir tərəfdən də yeni adlar yaratmağa həmişə cəhd olub. Məsələn, bizim böyük dramaturqumuz Cəfər Cabbarlının yaradıcılığını xatırlasaq görərik ki, o da yaxşı adlar qoyub. Türk mənşəli adlar: deyək Oqtay, Sevil, Balaş. Belə çoxlu adlar var və o adlardan da qoymaq olar. Yeni adlar da yaratmaq olar. Sonrakı yazıçılarımız da buna töhfə verib. Məsələn, bizim böyük yazıçımız Anar da xeyli ad yaradıb".

Akedemik vurğuladı ki, soyadlar bizdə sanki tilsimə düşüb.

"Hətta dövlət səviyyəsində də vaxtilə müəyyən müzakirələr aparıldı, adlar və soyadlar haqqında ayrıca komissiya yaradıldı. Orada nəzərdə tutuldu ki, bizim soyadlarımızda bir şəkilçisiz forma olsun, məsələn, Səməd Vurğun kimi. Bir "-lı, -li, -lu, -lü" ilə olan forma olsun. Sonra "-oğlu" forması olsun. Deyək ki, filankəs filankəs oğlu, yaxud qızı. Bu, birbaşa atanı bildirmək mənasında qalmasın, tədricən soyada çevrilsin. Məsələn, Türkiyə türklərində bu çox geniş yayılıb. Vaxtilə görünür tatarlarda da bu olub ki, tatarlar indi "-ulı", "-ullin" deyirlər, yəni artıq soyada çevrilib. Başqa bir "-zadə" formasını da hətta təklif etdilər ki, saxlanılsın. Eləcə də "-gil" forması da şəkilçi kimi ola bilər. İndi məsələn, mənim yaşımda olan adamlar, ya məndən bir qədər cavan olan adamlar üçün soyadı dəyişməyi mən məqbul hesab etmirəm. Çünki artıq sənədlərimizdə bu forma geniş yayılıb, yazılarımızda da var. İndi təzədən mən nə "-li" ilə, nə "Cəfərli" olmağı, nə "Cəfərzadə" olmağı, nə də "Cəfər" olmağı fikirləşirəm. Amma yeni doğulan nəsil üçün elə bilirəm ki, dövlət səviyyəsində hər halda bir göstəriş verilməlidir. Düzdür, insan hüquqları var, ona da hörmət var, bu da xırda məsələ deyil. Amma bununla yanaşı, mən heç vaxt düşünə bilmərəm ki, bu "-ov", "-yev" soyadının saxlanılması hər yerdə və həmişə buna məhəbbətlə, xüsusi ehtiramla bağlıdır. Kütləvi şəkildə belə bir məhəbbətdən, hörmətdən söhbət gedə bilməz. Sadəcə olaraq görünür müəyyən təbliğat-təşviqat işləri də görmək lazımdır. Bu formanı bizə necə tətbiq ediblərsə, hansı inzibati formada Azərbaycanda yayılıbdırsa, elə ona uyğun şəkildə də aradan qaldırılmalıdır.

Yəni bu 4-5 variant ki, təklif olunur, onlardan birinin, yaxud bir-ikisinin üzərində xüsusi dayanmaq lazımdır. Yerli qeydiyyat orqanlarına da tapşırmaq lazımdır ki, uşaqlarına ad qoyan, uşaqlarına soyad yazdıran şəxslərlə məsləhətləşsinlər. Axı soyad da hər dəfə, hər uşaq üçün yenidən yazılır. Orada onlar da desinlər ki, soyad formasını dəyişmək lazımdır və bir qədər təşviq də olsun. Çox yox, bir qədər təşviq olsun, məsləhətləşmə olsun. İndi Fazil Mustafa da tanınmış və sözü keçən bir ziyalı kimi bu işə yeni bir təkan vermək, öz töhfəsini vermək istəyir. Mən əlbəttə fikirləşirəm ki, o düz deyir və onun sözünə də qulaq asmaq lazımdır", - deyə N.Cəfərov yekunlaşdırdı.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
1
redaktor.az

2Источники