RU

“DH Volley” komandasının baş məşqçisi: Bəzi parametrlərdə rəqibdən zəif oynadıq ki, bu da təcrübə ilə əlaqədardır

Bakı, 19 aprel, AZƏRTAC

Məşqçi kimi qiymətləndirməm o idi ki, biz bəzi parametrlərdə rəqibdən zəif oynadıq. Məsələn, zamanında topu ötürə bilmədik. Amma bunu təcrübə ilə əlaqələndirirəm. Çünki komandamızda əsasən ilk altılıqda yer alan oyunçular arasında final oynayanların sayı azdır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "DH Volley" komandasının baş məşqçisi Fərid Cəlalov deyib.

"Dördüncü setdə 21:18 hesabı ilə irəli olduğumuz məqamda bir top da vura bilsə idik, setin taleyi dəyişə bilərdi. Bunu edə bilmədik və məğlub olduq. "Turan" komandasında daha təcrübəli oyunçular var. Bu da öz sözünü dedi. Ümumilikdə, final oyunu qarşılıqlı mübarizə şəraitində keçdi. Azərbaycan voleybolu bu formada davam edərsə, gələcək illərdə daha da inkişaf edəcək".

Növbəti mövsümdə komandanın Avrokuboklarda iştirakından bəhs edən baş məşqçi bildirib: "Avrokuboklarda oynayan bir komanda respublika çempionatına yox qitə səviyyəsinə hazırlaşmalıdır. Odur ki, komandanın daha da gücləndirilməsi gözlənilir".

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Nicat Haşımov
Избранный
25
azertag.az

1Источники