Misli Premyer Liqasının 28-ci turunda "Qəbələ" səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyun barədə fikirlərini bölüşüb. Baş məşqçi ilk növbədə matçdakı oyun üstünlüyünə baxmayaraq nəticə qazana bilməmələrindən təəssüflənib:
"Hər şeyi özünüz gördünüz, meydandakı üstünlük bizim tərəfimizdə idi. Lakin əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Hücumların sonunda fərqlənmək üçün bizdə soyuqqanlılıq çatmadı".
Kaxaber Tsxadadze komandanın elitada qalmaq uğrunda mübarizəsinə toxunub və azarkeşlərdən üzr istəyib:
"Qarşıdakı son oyunlarda Premyer Liqada qala bilmək üçün əlimizdən gələn hər şeyi etməliyik. Bizi uğursuz nəticələrə rəğmən tək buraxmayan azarkeşlərimizə təşəkkür edirəm. Bu nəticələrə görə onlardan üzr istəyirik".