RU

Ankarada rəqəmsal dünyada uşaqların müdafiəsi mövzusunda panel müzakirələri planlaşdırılır

Ankara, 19 aprel, AZƏRTAC

Ankarada rəqəmsal mühitdə uşaqların və yeniyetmələrin müdafiəsi sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi mövzusunda beynəlxalq müzakirələr keçiriləcək.

AZƏRTAC xəbər verir ki, aprelin 21-22-də Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyinin təşəbbüsü ilə keçiriləcək tədbirdə Azərbaycan da daxil olmaqla 17 ölkədən nümayəndələr iştirak edəcəklər. Nazirlik nazirlər səviyyəsində müzakirələrdə 11 ölkənin təmsil olunacağını açıqlayıb. Təşəbbüs UNICEF və BMT Baş katibinin Uşaqlara qarşı zorakılıq məsələləri üzrə Xüsusi nümayəndəsinin Aparatı tərəfindən dəstəklənib.

Proqramın açılışı Türkiyənin birinci xanımı Əminə Ərdoğanın iştirakı ilə baş tutacaq. Türkiyə Böyük Millət Məclisi üzvlərinin, eləcə də Azərbaycan, Bolqarıstan, Cənubi Afrika, Qana və Misirdən olan nümayəndələrin iştirakı ilə rəqəmsal mühitdə rəqəmsal savadlılıq və uşaqların müdafiəsi mövzusunda panel müzakirələri planlaşdırılır.

Məsuliyyətli texnologiya idarəetməsi və qlobal təcrübələrə həsr olunmuş sessiyada qlobal texnologiya nəhəngləri olan “Microsoft”, “Meta” və “Google” şirkətlərinin nümayəndələri, eləcə də Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsinin, T3 Fondunun və digər qurumların əməkdaşları vəziyyətlə bağlı fikirlərini bölüşəcəklər. Bundan əlavə, xüsusi sessiyada müxtəlif ölkələrdən olan uşaqlar və gənclər təcrübələrini bölüşəcək və mövcud problemlərin aradan qaldırılması üçün həll yolları təklif edəcəklər.

İkigünlük proqram bəyanatın qəbul edilməsi ilə başa çatacaq, burada uşaqlar və gənclər üçün daha təhlükəsiz rəqəmsal məkan yaratmaq üçün prioritet sahələr və həll yolları yer alacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Избранный
24
3
azertag.az

4Источники