RU

Keçmişimdəki gələcək adam

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Zəlzələdir, daşqındır, şimşəkdir... Pərvizdir...

"Keçmişə qayıtmaq lazım deyil. Orda artıq heç kim qalmayıb".

Sovet kəşfiyyatının sonuncu rəhbəri, yazıçı Leonid Şebarşinin bu fikri ilə razılaşmaq istəyənlər bir az ehtiyatlı olsunlar.

Mən, məsələn, Şebarşinlə çox da razı deyiləm. Ona görə yox ki, o, dağılmış-dağıdılmış "Şər İmperiyası" kəşfiyyatının sütunlarından olub... Doğrudur, artıq onun özü də yoxdur; öz ömrünə nöqtəni də özü qoymuşdu: intihar!

Mən isə dönüb keçmişimə baxıram, orda xeyli adam var. Həm də çoxu bu gün də mənimlədir, bəlkə gələcəkdə də mənimlə olacaq. Elə şəxsiyyətlər də var, mənli-mənsiz həmişə olacaqlar. Elə biri bu gün - aprelin 19-da ölümünün 35 illiyi olacaq böyük ictimai və dövlət xadimi, alim, ədəbiyyatşünas, tənqidçi, esseist Aydın Məmmədovdur.

Kiçik haşiyə çıxım: elə adamlar var, sağlığında belə ad günü ən yaxınlarından başqa heç kimin yadına düşmür; özü həyatda ikən unudulur. Ancaq elə insanlar da var, Aydın Məmmədov kimidir; nə həyatı yaddaşdan silinir, nə ölümü. Hətta ölümünün də "yubileyi" var.

Dedim ha, mənim keçmişim insanlarla doludur, onların önəmli bir qismi indimə də köçüb. Bu yazımın qəhrəmanı Pərviz Həşimli də onlardan biridir, Aydın Məmmədovun torpağı sanı yaşasın.

Pərviz təkcə bu yazının deyil, öz həyatının, həyatındakı sınaqların da qəhrəmanıdır.

Ola bilsin, "qəhrəman" yaraşdırması sizə bir az böyük görünsün. Amma kim deyir ki, qəhrəmanlıqların və qəhrəmanların hamısı bir boydadır. Adam var, öz taleyinin (yaxud elə talesizliyinin) qəhrəmanıdır. Adam var, ailəsinin, çevrəsinin, ölkəsinin, ya da lap Yer kürəsinin qəhrəmanıdır. Ən xoşbəxtlər isə ilahi dərgahda -Allahın kölgəsində qəhrəman sayılanlardır; ora ən üst mərtəbədir.

Hər halda haqqında yazdığım adamın bu "çoxmərtəbəli" qəhrəmanlıq kəhkəşanındakı yerini bilənlər bilir, bilməyənlər də varsa, deməli, onlara əsl gerçəkləri biz lazımınca çatdıra bilməmişik.

Bir vaxtlar MTN-nin (indi artıq ləğv edilmiş dövlət strukturunun) adı gələndə çoxları tük saldığı zaman Pərviz həmin təşkilatda düzülüb-qoşulmuş saxta cinayət işi üzrə ağır işgəncə və haqsız cəza qarşısında sınmadı. Bu, az şey deyil. Ən azı tarix üçün. Tarixdən isə, İosif Brodski demişkən, "heç kəs sığortalanmayıb". Tarix - anladığım qədər keçmişin və keçib getməkdə olan indinin gələcəyə ünvanlanmış təsviridir, yaşanmışlığın təsbiti, "əsli ilə düzdür" dərkənarlı təsdiqidir. Təbii, əgər bu salnamənin yazılıb-cızılmasında qələmin vicdanın diqtəsini dinləyibsə...

Tarix - kimi üçün keçmişinin gələcəkdəki bəraətinin vəsfi, kiminin cəza hökmü ilə lənətlənmiş cinayətinin Zaman aynasındakı əksidir. Pərvizi isə törətmədiyi cinayətə görə mühakimə eləmişdilər. Bunu edənlər yerdə Allahlıq iddiasına düşən qafillər idi; onların heç Qurandan xəbəri yox idi, o da ola İncili oxumuş olmaları. İncili oxusaydılar, İsa Məsihdən: "Mühakimə etmə, özün də mühakimə olunacaqsan" xəbərdarlığını almış olardılar.

Ancaq polisdən qovulandan sonra xüsusi xidmət iqtidarına qonmuş birisi - taxta-şalban biznesinin özündənrazı yarımkriminal generalı yüksək "rentabelli peyğəmbərlik" eşqinə düşmüşdü. Onun gözü heç ayağının altını görmürdü, o da ola Göydəki Allahı. Ətrafına haramçı "həvari"lər, imansız "imam"lar toplayıb, özü üçün Allahsızlıq səltənəti qurmuşdu. Nə keçmişini xatırlayırdı, nə gələcəyini düşünürdü. Dini - zor, qibləsi - pul olan adamlar kəsdikləri başa sorğu-sual olmayacağını düşünmüşdülər. Ancaq nəticədə o saxta "inzibati peyğəmbərlik" - zülm, qan, göz yaşı, ah-nalə üzərində qurulmuş səltənət bir göz qırpımında yerlə-yeksan edildi. Şəbəkənin başı taxtını itirdi, ətrafı isə mühakimə olundu. Bir sözlə, Pərvizə saxta ittiham quraşdıranlar özləri gerçək ittihamlarla qarşılaşdılar.

Anadolu türkləri demişkən: "Allahın dəyənəyi yoxdur ki, Göydən endirsin"...

Yeri gəlmişkən, Pərvizin işi üzrə istintaqa məni də çağırmışdılar (o zaman "Bizim Yol" qəzetində Pərvizlə iş yoldaşı idik).

İstintaqda çox çalışdılar, Pərvizin əleyhinə nəsə bir cümlə, bir söz qoparsınlar. Təbii ki, alınmadı (alınmazdı da).

Sorğunun sonunda müstəntiq özü birbaşa rəisi, ya da hansısa yuxarı vəzifəli bir şəxs ilə telefonla danışdı (söhbətin gedişindən belə anladım). Ona nə sual verildiyini ehtimal etdim, ancaq cavabını eşitdim. Müstəntiq həmin adama dedi: "Heç nə alınmadı, bir şey yoxdu".

Otaqda bir nəfər də vardı; qıraqda oturub, bloknotunda nəsə sərbəst qeydlər aparırdı. Sonra müstəntiq məni ona təhvil verdi, adam məni uzun koridorla aparanda, qəfil yarıpıçıltı ilə dedi:

- Biz hər şeyi bilirik. Pərviz burda, həbsdədir, sən hər ay onun maaşını ailəsinə göndərirsən.

Sonra kinayə ilə gülüb, əlavə etdi: -Həbsdə yatan adama maaş verərlər?!"

Mən də ona ironiya etdim: "

- Ona qalsa, siz də Pərvizi nahaqdan tutub, gətirib, burda dövlətin hesabına gündə üç dəfə yemək verirsiniz. Hələ bir də özünüzdən yaşca böyük adama "sən" deyə müraciət edirsiniz".

Bu dialoq bir otağın qapısına çathaçatda bitdi. Məni gətirən adam: " İndi adamyeyənlərin yanında otur, özünlə bağlı qərarı gözlə" - dedi.

İçəri, doğrudan da, iricüssəli, idman görünüşlü adamlarla dolu idi.

Məni gətirən adam onlara üzünü tutub: "Jurnalistdir, Pərvizin müdiridir" dedi və çıxıb getdi. Təəccüblü idi ki, otaqdakılar mənə hörmətlə yanaşdılar. Yer göstərdilər.

Hiss olunurdu, yorğundular. Əməliyyatçılar olduğunu anladım; ikisi redaksiyamıza axtarışa gələnlərdən idi, onları tanıdım.

Tanıdığım əməliyyatçılardan biri - cavan oğlan qalxıb, mənə çay süzdü, gətirib qarşıma qoydu və dedi:

- İçin, müəllim, ola bilsin, bu gecə evə getmədiniz.

Masanın başında oturan, nisbətən yaşca böyük olan da əlavə etdi:

- Narahat olma, jurnalist, elə iki gecədir, biz də evə getmirik".

Bu sözə məndən başqa hamı güldü. Başqa biri isə üzünü həmin adama tutub dedi:

- Bu gecə də kimisə gətirəsi olsaq, day heç nə. Olacaq üç gecə.

Bu dəfə yavaşdan, yorğun-yorğun, könülsüz gülüşdülər.

Birdən üzdən tanıdıqlarımdan biri mənə dönüb, dedi:

- Bu Pərviz hacıymış da, hə?! O, çaxır içir, araq içir, nətəhər olub, ziyarətə gedib? Kim göndərib?"

Dedim:

- Nə yeyib-içdiyini də öyrənmisinizsə, hara, niyə getdiyini də yəqin özünüz məndən yaxşı bilirsiniz.

Bu sözümə lap bərkdən gülüşdülər. Sonra bir anlıq hamı susdu. Masanın başındakı adam qəfildən ciddiləşib, üzümə baxdı və kədərli-qürurlu təbəssümlə dedi:

- Hə, jurnalist qardaş, düzdü, biz hər şeyi bilirik.

- İnsan çox şeyi bilə bilər. Hər şeyi Allah bilir.

Bu replikamdan narazı qaldığı hiss olunurdu, amma yenə də dərindən köks ötürüb, dediyimi təsdiq edirmiş kimi başını tərpətdi.

O an qapı açıldı, bayaqkı bloknotlu adam göründü. Mənə Yaxınlaşıb, imzalanmış buraxılış vərəqini mənə uzatdı: "Gedirsən. Çıxırıq", - dedi".

Əməliyyatçılarla sağollaşdım, içmədiyim çaya görə təşəkkür edib, qapıya yönələndə, onlardan biri məni səslədi və əli ilə havada dairə cızaraq özünə və otaqdakılara işarə edib dedi: "Sağ əlin bizim başımıza, gecəni qalmadın".

Bu sözün yaratdığı qəhqəhə xorunun sədaları altında otaqdan çıxdım.

Bloknotlu adam məni binanın həyətindən çıxarıb, bayıra ötürüb getdi.

Bunları uzun-uzadı niyə yazdım?! Müstəntiq nə qədər canfəşanlıq etsə də, o özü də, əməliyyatçılar da bu cür qurama işin içinə düşməklərindən məmnun görünmürdülər. Ancaq əmr böyük yerdən - o qurumun birinci adamından gəlmişdi, bu xırda adamlar isə həmin qanunsuz əmri icra edirdilər.

Mənim, doğrusu, Pərvizdən fərqli olaraq, bu məsələdə "zəngin" acı təcrübəm vardı: jurnalist karyeram boyu yazılarıma görə 6 dəfə istintaq altında olmuşdum. Hətta həyatıma qəsd də edilmişdi. Amma heç vaxt həbsdə yatmaq "xoşbəxtliyi" mənə nəsib olmayıb. Ancaq bunun məhrumiyyətləri haqqında məlumatlarım və təsəvvürüm var idi. Bununla belə Pərvizə qarşı olanlar məni daxilən çox yaralayırdı, mənən çox əziyyət çəkirdim. Daha əvvəl eyni başqa bir iş yoldaşım şərlənib tutulanda da eyni hissləri keçirmişdim. Ona görə də onlar azadlığa çıxanda, sanki üzərimdən ağır yük götürülmüşdü. Onlarla birlikdə mən də özümü azadlıqdan məhrum edilmiş kimi hiss edirdim. İşdə, cəmiyyət içində özümü nə qədər tox tutmağa çalışsam da, ailəm, ən yaxın dostlarım şahiddir: bu həbslər məni çox incidirdi. Xüsusilə, Pərvizin yaşlı, hörmətli, ziyalı atasını - Kamran müəllimi hər dəfə məhkəmə qarşısında pərişan halda görəndə, ürəyim ağrıyırdı. Yox, Kamran müəllim zəif adam deyildi, o zaman qılıncının qəbzəsi də kəsən nazirin - Eldar Mahmudovun adını qorxmadan çəkir, onun haqqında öz sözünü açıq deyir, o cinayət işinin qurama olduğunu da hayqırırdı. Biz Kamran müəllimə mənəvi dəstək olanda, o bizə təsəlli verir, "möhkəm olun" deyirdi. Ancaq məni və Pərvizin doğmalarını, dostlarını narahat edən bir nüans vardı: Kamran müəllimin ürəyində problem vardı, infarkt keçirmişdi. Hər dəfə məhkəmə prosesi olanda, durub Gəncədən Bakıya gəlirdi. Onsuz da məhkəmə qapalı keçirilirdi, kimsə içəri buraxılmırdı. Ancaq oğlunun günahsızlığına əmin olan qürurlu ata, ürəyi yaralı ağsaqqal adam hər dəfə övladına mənəvi dəstəyini ifadə eləmək üçün durub gəlirdi.

İndi bütün bunlar hamısı keçmişdə qalıb. Pərviz on ildən çoxdu ki, azadlıqdadır. On ildir, gununsesi.info adlı sayt yaradıb. O saytı qaldırıb, ciddi və maraqlı informasiya mənbəsinə çevirib. Bu sayt vasitəsilə, eləcə də, vətəndaş fəalı kimi insan haqlarını müdafiə edir. Əlindən gəldiyi qədər bu yolda çalışır, öz zəkasını, enerjisini, vaxtını, bütün fiziki, mənəvi resurslarını sərf edir. Bu, artıq keçmiş deyil, bu gündür. Pərviz, dediyim kimi, həm keçmişimdə var idi, həm bu günümdə var. Gələcəyi isə gələcək göstərər.

Pərvizə də, Gununsesi.info saytına da hələ çox onilliklər arzulayıram. Saytın onilliyi bu yazını yazmaq üçün təntənəli bəhanəm oldu. Bəlli yaşım var, yaxşı ki dedim, bu gündən sabaha etibar qalmayıb. İstəmirəm ürək dostlarıma ürək sözlərim ürəyimdə qalsın.

Gununsesi.info demişkən, mən Pərvizi öz saytından daha əvvəl və daha yaxşı tanıyıram. Bu sayt, bəli, Pərvizin yetirməsidir. Sözün düzü, mənə görə, Pərviz öz saytından böyük kişidir; bəlkə də kənardan baxanda bu sayt sanki Pərvizin "əyninə" dar gəlir. Ancaq o da faktdır: Pərvizin özü qədər saytı da cəmiyyətdə tanınıb, qəbul edilib, hörmətə minib.

Pərvizin ən sevdiyim tərəflərindən biri onun özü kimi qalmağıdır.

Bu yerdə bir xatirəmi yazsam, yerinə düşər. Böyük şəxsiyyət mərhum İlyas İsmayılovla və... Pərvizlə bağlı xatirədir.

Milli Məclisin iclası olan günün səhəri günün lap əvvəlində İlyas müəllimdən mənə zəng gəldi.

Salam-kəlamdan sonra dedi:

- Əzizim, indi qəzetinizə baxıram. Sizin parlamentdən yazan jurnalist aləmi qatıb bir-birinə. Dünən orda büdcəyə baxılırdı, mən də çıxış eləmişəm, iradlarımı da demişəm, təkliflərimi də. Sizin müxbir yazıb ki, İlyas İsmayılov gileyləndi. Belə olmaz axı. Mən gileylənməmişəm ey, fikir bildirmişəm, sözümü demişəm".

Gördüm, İlyas müəllim düz deyir, Pərviz səhv edib, bu ifadə mənim də diqqətimdən qaçıb. Buna görə üzrxahlıq elədim. İlyas müəllim isə Pərvizdən narazılıq edirdi. Könlünü almalı idim, ancaq öz iş yoldaşımı da ayağa verə bilməzdim.

Dedim: " İlyas müəllim, Pərviz Kəlbəcərdəndir, dağ adamı təbii olur, özünüz bilirsiniz. Zəlzələdir, daşqındır, ildırımdır, şimşəkdir, Pərvizdir, bunlar hamısı təbiət hadisələridir. O səhvi də təbiiliyindən doğan şeydir"

İlyas müəllim ürəkdən güldü, kefi açıldı: "Yaxşı, onu sənə və təbiətə görə bu dəfə bağışladım" dedi, gülə-gülə sağollaşıb telefonu asdı.

Doğrudan da, Pərviz təbiət hadisəsidir. Belə də qalsın. On il sonra da, əlli il sonra da özü kimi qalsın. Adam özü kimi olanda adamdır, başqasına oxşamaq istəyəndə özünü itirir. Sözün bütün kədərli mənalarında...

Belə yaxşısan, qardaş. Birinə oxşamaq istəyirsənsə, özünə oxşa. Başqalaşmağı istəsən də bacarmazsan.

Sənə başqa nə deyim?!

Bahəddin Həzi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
icma.az

2Источники