BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İsrailin regionda islamofob xarakterli ittifaq formalaşdırdığını bildirib.
TurkicWorld xəbər verir ki, nazir bu barədə Antalya Diplomatik Forumunun bağlanış mərasimindən sonra keçirdiyi mətbuat konfransında danışıb.
Fidan qeyd edib ki, İsrail Yunanıstan və Cənubi Kiprlə hərbi əməkdaşlıq çərçivəsində ittifaq halındadır və bu proses konkret hərbi strukturlar üzərində qurulur. “Bunu görməzlikdən gələ bilmərik”, – deyə o vurğulayıb.
Nazir forumun yekunlarına toxunaraq bildirib ki, üç gün ərzində qlobal diplomatiyanın əsas müzakirələri Antalyada aparılıb. Onun sözlərinə görə, tədbirdə 23 dövlət və hökumət başçısı, 13 vitse-prezident və baş nazir müavini, 50 nazir iştirak edib, ümumilikdə 150 ölkə və 66 beynəlxalq təşkilatdan nümayəndələr qatılıb. 52 sessiya çərçivəsində mövcud qlobal böhranlar və regional problemlər müzakirə olunub.
Fidan vurğulayıb ki, forum çərçivəsində müxtəlif mövqelərin eyni platformada müzakirə edilməsi diplomatiya baxımından mühüm nəticələr verib. “Fərqli baxışlar eyni masa ətrafında idi”, – deyə o əlavə edib.
Nazir çıxışında Qəzza üzrə sülh planına da toxunaraq bildirib ki, altı müsəlman ölkəsinin iştirakı ilə keçirilən görüşdə bu planın icra mərhələsi müzakirə olunub və tərəflər prosesə dair ortaq iradələrini təsdiqləyiblər. Onun sözlərinə görə, Türkiyə tərəflər arasında vasitəçilik səylərini davam etdirəcək.
Hakan Fidan Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir arasında keçirilən çoxtərəfli görüşlərə də diqqət çəkərək, regionda sabitliyin təmin olunması və münaqişələrin aradan qaldırılması istiqamətində konkret addımların müzakirə edildiyini bildirib.
İran və ABŞ arasında mümkün atəşkəs məsələsinə toxunan nazir qeyd edib ki, tərəflər arasında danışıqlar davam edir və Türkiyə bu prosesi dəstəkləməyə hazırdır. O, atəşkəsin uzadılması ilə bağlı nikbin olduğunu bildirib və müharibənin yenidən başlanmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
Nazir həmçinin İsrailin siyasətini tənqid edərək bildirib ki, bu ölkənin genişlənmə yönümlü addımları artıq təkcə region üçün deyil, qlobal təhlükəsizlik üçün də risk yaradır. Qəzzada baş verənlərin dayandırılması üçün beynəlxalq ictimaiyyətin daha fəal addımlar atmalı olduğunu deyib.
Fidan Livanla bağlı vəziyyətə də toxunaraq Türkiyənin bu ölkə ilə həmrəylik içində olduğunu və regionda sabitliyin qorunması üçün səylərini davam etdirəcəyini qeyd edib.