RU

BEA-nın rəhbəri: Bəsrə-Ceyhan boru kəməri region və Avropa üçün strateji əhəmiyyət kəsb edir

Ankara, 19 aprel, AZƏRTAC

Hörmüz boğazının prioriteti artıq sual altına alınıb. Düşünürəm ki, gələcək proseslərdən asılı olmayaraq, oyunçular bu marşruta alternativlər axtaracaqlar.

AZƏRTAC xəbər verir ki, bu fikri Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol Türkiyənin “Hürriyyet” qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, yaranan vəziyyətdə Bəsrə-Ceyhan boru kəməri layihəsi olduqca cəlbedicidir və o, potensial olaraq İraq və Türkiyə üçün strateji məsələyə çevrilə bilər, eləcə də Avropa ölkələri də daxil olmaqla, regional enerji təhlükəsizliyi amili rolunu oynaya bilər. “Hesab edirəm ki, layihənin maliyyələşdirilməsi məsələsi həll edilə bilər. İndi bu məsələni nəzərdən keçirməyin vaxtıdır”, - deyə BEA rəhbəri vurğulayıb.

O qeyd edib ki, Hörmüz boğazının bağlanması təhlükəsi, Damokl qılıncı kimi, qlobal iqtisadiyyatın üzərində asılı qalacaq, ona görə də şaxələndirmə və alternativ yolların axtarışı səyləri dayanmayacaq.

BEA rəhbəri qeyd edib ki, bəzi ölkələr neft istehlakını azaltmaq üçün məsələn, magistral yollarda sürət limitlərinin azaldılması və məsafədən iş rejiminə keçmək kimi tədbirlər görməyə başlayıblar. “Bir çox ölkələr bunu neft ehtiyatlarının demək olar ki, olmadığına görə edirlər. Yalnız istehlakı azaltmaq olar. Amma bu, aspirin kimidir: o, yalnız ağrını bir qədər azaldır. Bu, həll yolu deyil. Hazırda iki radikal həll yolu var. Birincisi, bazarların sabitliyinin qorunması və Hörmüz boğazının açıq olması. İkincisi, bazara yeni ehtiyatların buraxılmasıdır. BEA hələ də dünya neft ehtiyatlarının 80 faizinə sahibdir. Lazım gələrsə, bazara daha çox neft buraxacağıq”, - deyə F.Birol bildirib.

Bununla belə, o vurğulayıb ki, Hörmüz boğazının açıq qalmasının qorunması çox vacibdir: “ABŞ-dən tutmuş Braziliyaya qədər dünyada hara baxsanız neft hasilatı artıq pik həddə çatıb. Hazırda hasilatın daha da artırılması mümkün deyil”.

Beynəlxalq Enerji Agentliyinin rəhbəri əlavə edib ki, hələ ki əsas problem qiymətlərin artmasıdır. “Mən artıq demişəm ki, may ayının sonuna qədər həll yolu tapılmasa, qiymətlər daha da yüksələ bilər. Bundan əlavə, neft emalı zavodlarına daha az neft gəldiyi üçün aviasiya və dizel yanacağı kimi bir sıra malların çatışmazlığı ilə üzləşə bilərik. Uçuşların ləğvi mümkündür. Məsələ yalnız neft və təbii qazda deyil. Gübrələr, neft-kimya məhsulları və digər məhsullar Hörmüz boğazından daşınır. Bunlar qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətli mallardır. Yəni, təchizat zəncirlərində fasilələr yarana bilər”, - deyə F.Birol xəbərdarlıq edib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Избранный
20
azertag.az

1Источники