RU

Türkiyə XİN başçısı: Zəngəzur dəhlizi Orta Dəhlizin fəaliyyəti üçün son dərəcə əhəmiyyətlidir

BAKI, 19 aprel. TELEQRAF

"Azərbaycan və Ermənistan arasında sülh sazişi regionda nəqliyyat əlaqələrinin, iqtisadiyyatın, ticarətin, enerji və təhlükəsizliyin inkişafına çox ciddi müsbət təsir göstərəcək".

Teleqraf xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan V Antalya Diplomatiya Forumunun mətbuat konfransında çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, bu saziş tezliklə həyata keçəcək və indiyədək göstərilən səylərin bəhrəsi görünəcək:

"Biz artıq toqquşmaların olmamasının, sülhün gətirdiyi faydaların bölgədəki təsirini görürük. Sazişlə yanaşı, ölkələr arasında münasibətlərin – həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasının regionda çox ciddi nəticələr verəcəyini indidən öngörürük. Bunun artıq konkret əlamətləri mövcuddur".

Çıxışında Orta Dəhlizin əhəmiyyətinə xüsusi toxunan H.Fidan qeyd edib ki, bu layihənin reallaşmasında region mühüm rol oynayır: "Xəzər keçidli marşrut baxımından Cənubi Qafqazdakı sabitliklə Orta Dəhlizin sabitliyi bir-biri ilə sıx bağlıdır. Türkiyənin bölgədəki kommunikasiya əlaqələrini gücləndirməsi üçün Zəngəzur dəhlizi çox əhəmiyyətlidir".

XİN başçısı əlavə edib ki, nəqliyyat layihələri ilə bağlı Avropa İttifaqı ilə də yaxından əməkdaşlıq edilir: "Aİ rəsmisi Marta Kos ilə də bu məsələləri yaxından müzakirə edirik. Sülh sazişi imzalandıqdan sonra görəcəksiniz ki, həm nəqliyyat əlaqələri, həm də iqtisadi inkişaf baxımından bölgə ölkələri böyük müsbət dəyişikliklərin şahidi olacaqlar. Biz buna çox yaxınıq və ümid edirəm ki, ən qısa zamanda reallaşacaq".

Избранный
18
31
teleqraf.com

10Источники