RU

Kiçik aktyorların böyük səhnəsi: Dünya Məktəbində teatr bayramı

Xəzər Universiteti Dünya Məktəbində Beynəlxalq Teatr Günü münasibətilə 2-ci və 3-cü sinif şagirdlərinin iştirakı ilə tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi şagirdlərdə incəsənətə marağın artırılması, onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması və səhnə mədəniyyətinə yiyələnmələrinə şərait yaratmaq olub.

Şagirdlər səhnəciklər, rəqslər, mahnılar və monoloqlarla çıxış edərək yaradıcılıq və səhnə bacarıqlarını nümayiş etdiriblər. Xüsusilə, kiçik aktyorların ifasında “Müsyo Jordan və Dərviş Məstəli şah” əsərindəki Müsyo Jordan obrazı və “Ölülər” əsərindəki Kefli İsgəndər obrazı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və gur alqışlarla müşayiət olunub.

Tədbir boyunca səhnədə nümayiş etdirilən çıxışlar şagirdlərin özünəinamının formalaşmasına, nitq qabiliyyətlərinin inkişafına və kollektivlə işləmək bacarıqlarının güclənməsinə müsbət təsir göstərib.

Tədbirin fəxri qonaqları – professor Hamlet İsaxanlı, Xalq artisti, rejissor Ramiz Həsənoğlu, Əməkdar artist İlqar Cahangirov, uşaq yazıçısı və televiziya əməkdaşı Mürşüd İsmayılzadə, eləcə də teatr aktyoru Rəşad Kəsəmənli çıxış edərək teatrın uşaqların inkişafındakı rolunu vurğulayıblar.

Qonaqlar öz çıxışlarında bu cür tədbirlərin gələcəkdə daha geniş miqyasda keçirilməsinin vacibliyini qeyd edib, şagirdlərə uğurlar arzulayıblar.

Qeyd olunub ki, bu kimi təşəbbüslər şagirdlərin yaradıcılıq potensialının inkişafına və mədəni dəyərlərə bağlılığının güclənməsinə mühüm töhfə verir.

Избранный
2
3
xalqqazeti.az

4Источники