Bizim ictimaiyyət vəzifədə olan adamlara arıçı kimi baxır. O mənada ki, xalqımızın fikrincə, “bal tutan barmaq yalar”. (Biz tək deyilik, bir çox başqa ölkələrdə də belədir).
Bilmədiyiiz kimi, vəzifə elə şeydir ki, adamın bir əli yağda, bir əli balda olur. Adama durduq yerdə bal təklif edirlər. Amma baltutanın gərək insaflı olsun, balı pətək, küp qarışıq aparmasın. Bəzən elə hallar olur ki, ruscada adının mənası “bal aparan” (medved) olan ayı belə insan acgözlüyünə mat qalır.
Bəs camaat niyə hakimiyyətə, mənsəbə, vəzifəyə can atır? Ona görə ki, dolanışıqlı, hörmətli işdir.
O sovet dövrünün demaqogiyası idi, partiyaya keçənə sual verirdilər ki, partiyaya keçməkdə məqsədin nədir, onun da cavabı belə olurdu: “İstəyirəm sosializm quruculuğu yolunda xalqı irəli aparan avanqard dəstədə olum, dövlətin qüdrətlənməsinə, xalqın rifah halının yüksəlməsinə töhfə verim”.
Hamı standart belə cavab verirdi və heç kim onlara “ə, dur get burdan, avanqard olana bax” demirdi. Əslində isə adamən rəhbərləri də, qohum-əqrəbası da, bədxahları da bilirdi ki, müəllimin məqsədi babat bir vəzifə qamarlamaq və bu vəzifəylə nəinki özünün, hətta gələcək nəsillərinin qüdrətlənməsinə, sülaləsinin maddi rifah halının yüksəlməsinə töhfə verməkdir.
Ona görə də baş nazirimizin maddi varlığı barədə təvazökar siyahının mediada peyda olması xalqımızı sarsıtmayıb, hətta acındırıb. Dünən neçə adamdan eşitmişəm, onlar baş nazirin bunca mütəvazi (kasıb deməyək) varidatına görə mütəəssir olublar. Gözləmirmişlər. Niyə? Ona görə ki, adi bir İH başçısı yaxalananda rayondakı gəlirli obyektlərin yarısının, ən yaxşı villaların hamısının sahibi olduğu üzə çıxır.
Axırıncı dəfə hansısa nazirlikdə bir idarə rəisinin daşınmaz əmlakı haqqında mündəricat yayılmışdı, adamın Bakının bütün rayonlarında, eləcə də ölkənin yaşıl məkanlarında 67 daşınmaz əmlakı vardı. Adı kimin yadındadır? Kriminaldan yazan jurnalistlərdən başqa heç kəsin. Xalqımız da bir gün müzakirə etdi, unutdu.
Nə məsələdirsə, bu ölkənin baş nazirləri heç vaxt varlı-hallı olmayıblar. Üzü geriyə bir-bir xatırlayaq. Novruz müəllim sadə, gözütox adam idi, onun haqqında “o obyekti alıb”, “filan yeri işlədir” kimi söhbətlər çıxmadı.
Artur müəllim də eləydi, adama elə gəlirdi ki, o, asketik həyat tərzi sürür.
Arada Fuad Quliyev adlı bir baş nazirimiz də olub, çıxaq yüz adamdan soruşaq, biri tanısa, böyük işdir. Yeri gəlmişkən, müəllim sağdır, yerini bilən varsa, desin, müsahibə alaq.
Surət Hüseynova “bir qısmat çörəh yeməyi” belə çox gördülər, 10 il türmədə yatdı.
Amma baxaq, görək, cəmi bir ay baş nazir olmuş Pənah Hüseynin sərvətinin axtarışı necə gedib.
1993-cü ildə Surətin qiyamından sonra yeni hökumət el arasında dolaşan şayiələri əsas götürrərək keçmiş baş nazir Pənah Hüseynin ata evində axtarış aparıb. Polis qüvvələri Sabirabad rayonunun Qaraqaşlı kəndində yaşayan Çodar kişinin, yəni P.Hüseynin atasının evinə gedib, ot tayasını yabalamağa başlayıblar. Maşın axtarırmışlar. Şayiələrdən biri belə olub ki, Pənah Hüseyn “Qaz-31” alıb, gecəylə gətirib həyətə, üstünə ot yığdırıb. Yabalama prosesi nəticəsində tayanın altından maşın-filan çıxmayıb. Hələ yaxşı ki, od vurub tayanı yandırmayıblar, ara yerdə mal-qara ot-ələfsiz qalacaqmış.
Sonra evdə qızıl, qədim sikkələr axtarılıb, o da bir nəticə verməyib. Bu dəfə bədxahlar belə bir şayiə yayılıb ki, Pənah Hüseyn yığdığı pulu Şimali Kiprdəki banka köçürüb. Axtarışlar, özbək qardaşlar demişkən, bisəmər qalıb.
Ancaq "axtaran tapar" deyiblər, sonradan o maşın tapılıb. P.Hüseyn deputat olanda həmkarlarından biri avtobus dayanacağında gözləyən Pənah Hüseyni göstərərək, Arzu Səmədbəyliyə deyib ki, nə əcəb Pənah bəyin maşını yoxdur. Arzu Səmədbəyli deyib, niyə yoxdur, 350 minlik maşını var. Adam inanmaq üzrəykən, Arzu bəy yaxınlaşan modern avtobusu göstərərək deyib, bax, Pənah bəyin maşını gəldi.
Sonradan bəzi “ilişən” nazirlərin evlərində aparılan axtarışlar yadınızdadır? Nələr çıxırdı. Hətta birinin əmlakının siyahısını qəzetlərin qoşa səhifəsi (8 və 9-cu səhifələr) tutmamışdı, “ardı 10-cu səhifədə” qeydi ilə dərc etmişdilər.
Hələ daşınmaz əmlaklardan başqa, hərəsi bir və ya beş ev qiymətinə olan daşınan əmlaklar da var. Məsələn, Ramiz müəllimə bağışlanmış lüks avtomobillərin ucuzu 150, bahalısı 500 min manat idi. Heç bilmədik, onların taleyi necə oldu. Bəlkə də bir yarısı hardasa ot tayasının altındadır.
Bu yerdə cümhuriyyətimizin ikinci baş naziri Nəsib bəy Yusifbəylini də xatırlayaq. Bəy baş nazir olanda Şəmkirdə yaşayan mülkədar atasına məktub yazıb pul istəyir. Ağsaqqal da ona yazır ki, ay oğul, tələbəydin, pul verirdim, azmaaşlı məmur idin, dolana bilmirdin, pul göndərirdim, indi ölkənin padşahısan, yenə pul istəyirsən.
**
Dünya köhnə dünyadır, baş nazirləri təzədir.