RU

TDT-nin gücü onun birliyində, ortaq dəyərlərində və ümumi baxışında əks olunub – nazirlərin qeyri-rəsmi iclası  

Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir çıxışında Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclaslarının müntəzəm keçirilməsini müsbət qiymətləndirib, bu formatın təşkilatın gündəliyində duran məsələlərin açıq və səmərəli müzakirəsi, həmçinin sürətlə dəyişən qlobal və regional proseslərə dair fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətini vurğulayıb.

Beynəlxalq münasibətlər sistemində dərin transformasiya prosesinin getdiyi, geosiyasi parçalanmanın gücləndiyi, qlobal idarəetmədə qeyri-müəyyənliklərin artdığı və müxtəlif regionlarda münaqişə və böhranların vüsət aldığı hazırkı dövrdə TDT-nin rolunun daha da aktuallaşdığı qeyd olunub.

TDT-nin gücünün onun birliyində, ortaq dəyərlərində və ümumi baxışında əks olunduğu diqqətə çatdırılıb və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin təşkilatın regional və qlobal çağırışların həllində rolunu daha da gücləndirəcəyinə inam ifadə olunub.

Görüşdə Yaxın Şərqdə son inkişaflar fonunda böhranın regional təhlükəsizliyə, qlobal və regional təchizat zəncirlərinə, iqtisadi və investisiya əlaqələrinə təsiri müzakirə olunub.

Atəşkəs və vasitəçilik səyləri nəticəsində əldə olunmuş irəliləyişlərin davamlı sülh ilə nəticələnməsi üçün real və davamlı strategiyaların vacibliyini vurğulayıblar.

İclas zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
13
azerbaijan-news.az

1Источники