RU

Maliyyə naziri: Türkmənistanın qaz marşrutlarına qoşulması Ankara üçün prioritet məsələdir

Ankara, 18 aprel, AZƏRTAC

Türkiyə üçün Türkmənistanın ölkənin qaz marşrutlarına qoşulması, həmçinin Hörmüz boğazının bağlanmasından zərər görmüş cənub qonşularının şimala doğru dəhlizlər formalaşdırmağa təşviq edilməsi prioritet məsələdir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek Beynəlxalq Valyuta Fondu və Dünya Bankının təşkil etdiyi panel müzakirələrində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Ankara nə qonşu ölkələrlə əlaqələrini məhdudlaşdıra, nə də qlobal tədarük zəncirlərindən kənarda qala bilər.

“Hazırda riskləri azaltmaq və imkanları diversifikasiya etmək üçün atılan addımlara investisiya yatırmağa davam edirik. Başqa seçimimiz yoxdur. Biz ciddi sarsıntılarla üzləşmişik və bundan nəticə çıxarmalıyıq”, – deyə M.Şimşek bildirib. O əlavə edib ki, son 20–25 ildə Türkiyənin infrastrukturuna təxminən 400 milyard dollar investisiya qoyulub.

Nazir qeyd edib ki, Türkiyənin Avropa ölkələri ilə möhkəm əlaqələri var və eyni zamanda digər regionlarla da fəal əməkdaşlıq edir: “Bu vəziyyət Türkiyəni regionda risklərin azaldılması üçün təbii platformaya çevirir. Qlobal iqtisadiyyat hazırda ciddi çətinliklərlə üzləşsə də, biz yalnız qısamüddətli perspektivlə kifayətlənmirik və qarşıda daha geniş imkanların olacağına inanırıq.”

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Избранный
32
azertag.az

1Источники