RU

Azərbaycan diplomatiyasının Antalya zirvəsi: İlham Əliyev qlobal siyasi masanın əsas söz sahibinə çevrilib

Bakı, 18 aprel, AZƏRTAC

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Antalyada keçirilən 5-ci Antalya Diplomatiya Forumunda iştirakı adi beynəlxalq tədbir çərçivəsində qiymətləndirilə bilməz. Bu səfər Azərbaycanın artıq regional oyunçu yox, qlobal siyasi masada sözü keçən aktora çevrildiyini bir daha nümayiş etdirdi. Forumun əsas mövzusu “Gələcəyi xəritələndirmək, qeyri-müəyyənlikləri idarə etmək” idi və məhz bu qeyri-müəyyən geosiyasi mühitdə Prezident İlham Əliyevin Antalyadakı fəallığı Bakının siyasi çəkisinin real göstəricisinə çevrildi.

Bu forumda 150-dən çox ölkənin nümayəndələrin, 20-dən artıq dövlət və hökumət başçısının, onlarla xarici işlər nazirinin iştirakı təsadüfi deyildi. Antalya artıq yeni geosiyasi istiqamətlərin qurulduğu platformadır. Belə bir məkanda Azərbaycan Prezidentinə göstərilən xüsusi diqqət isə Bakının yeni statusunun beynəlxalq təsdiqi idi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib.

O bildirib ki, ən diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü oldu. Bu münasibət artıq klassik müttəfiqlik çərçivəsini çoxdan aşıb. “Bir millət, iki dövlət” anlayışı indi enerji, təhlükəsizlik, müdafiə sənayesi və Türk dünyasının siyasi inteqrasiyası müstəvisində strateji birlik səviyyəsinə yüksəlib. Antalyada verilən mesaj aydın idi: Ankara və Bakı bölgədə yeni güc balansının əsas memarlarıdır.

Pakistanın Baş naziri Şahbaz Şərif ilə keçirilən görüş də xüsusi siyasi yük daşıyırdı. Azərbaycan–Pakistan münasibətləri artıq sadəcə dostluq münasibəti deyil, geosiyasi əlaqələndirmə modelidir. Pakistanın Qarabağ məsələsində Azərbaycana verdiyi prinsipial dəstək, Bakının isə İslam dünyasında strateji tərəfdaşlıq siyasəti bu xətti daha da gücləndirir. Antalya görüşündə iqtisadi əməkdaşlıq, müdafiə sənayesi və regional təhlükəsizlik məsələlərinin müzakirəsi göstərdi ki, Bakı–İslamabad xətti yaxın illərdə daha da genişlənəcək.

Serbiya Prezidenti ilə təmaslar isə Azərbaycanın tarazlaşdırılmış xarici siyasətinin daha bir nümunəsi idi. Bakı həm Türk dünyası ilə, həm İslam coğrafiyası ilə, həm də Avropa daxilində müstəqil siyasi xətt yürüdən dövlətlərlə paralel strateji münasibətlər qurur. Bu, klassik blok siyasətindən fərqli olaraq çevik diplomatiya modelidir və İlham Əliyevin əsas siyasi üstünlüklərindən biri də məhz budur.

Forum çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə görüş ayrıca mesaj idi. Azərbaycan Prezidenti burada təkcə diplomatik jest etmədi, həm də Türk dünyasının siyasi həmrəyliyi məsələsində prinsipial mövqe sərgilədi. Bu, xüsusilə Türk Dövlətləri Təşkilatının gələcək siyasi quruluşu baxımından diqqətçəkən addımdır.

Antalyada Prezident İlham Əliyevə göstərilən xüsusi diqqət sadəcə diplomatik nəzakət deyildi. Bu, müharibədən sonrakı dövrdə Azərbaycanın qazandığı siyasi nüfuzun nəticəsidir. Qarabağ məsələsində tarixi zəfər, enerji təhlükəsizliyində Avropanın etibarlı tərəfdaşı statusu, Orta Dəhliz layihəsində strateji mərkəz rolu və Cənubi Qafqazda yeni reallıqları formalaşdırmaq gücü — bütün bunlar İlham Əliyevi beynəlxalq siyasi masada fərqli fiqura çevirib.

Dünya mətbuatı da bu səfəri məhz bu baxış bucağından qiymətləndirir. Xüsusilə Türkiyənin aparıcı xəbər qurumları Prezident Əliyevin forum çərçivəsində keçirdiyi ardıcıl yüksək səviyyəli görüşləri “Azərbaycanın artan regional liderliyi” kimi təqdim etdi. Xüsusilə Türkiyə–Azərbaycan–Pakistan xəttində formalaşan siyasi əlaqələndirmə diqqət mərkəzində idi.

Bəzi Qərb müşahidəçiləri isə Azərbaycanın forumdakı fəallığını enerji diplomatiyası və münaqişədən sonrakı liderlik ilə əlaqələndirirlər. Avropa üçün enerji təhlükəsizliyi məsələsində Bakı artıq alternativ deyil, zərurətə çevrilib. Ermənistanla sülh gündəliyində isə qərar verən tərəf kimi Azərbaycanın mövqeyi qəbul olunur. Bu da İlham Əliyevin beynəlxalq platformalarda gündəmi müəyyən edən lider kimi qəbul edilməsini gücləndirir.

Antalya səfəri bir daha göstərdi ki, Azərbaycan diplomatiyası müdafiə mövqeyindən çıxaraq təşəbbüs verən mərhələyə keçib. Prezident İlham Əliyev artıq hadisələrə reaksiya verən lider deyil, proseslərin istiqamətini müəyyən edən siyasi aktordur.

Bu gün Antalyada Prezidentə göstərilən ehtiram əslində təkcə bir şəxsə yox, qalib Azərbaycana göstərilən münasibətdir. Bu münasibət isə təsadüfən yaranmayıb — bu, illərlə aparılan sərt, praqmatik və nəticəyönlü dövlət siyasətinin nəticəsidir.

Antalya forumu bitəcək, nümayəndə heyətləri ölkələrinə qayıdacaq, protokol şəkilləri arxivə gedəcək. Amma orada verilən əsas mesaj qalacaq: Azərbaycan artıq qlobal siyasi masanın qurulmasında söz sahibi olan dövlətdir.

Избранный
4
2
azertag.az

3Источники