RU

Çin və ABŞ amili fonunda Hörmüz düyünü: İran üçtərəfli təzyiq altında

"Hörmüz boğazı ətrafındakı vəziyyət bir daha göstərdi ki, İranın hakimiyyət strukturu daxilində vahid qərar verən mexanizm mövcud deyil və ya ciddi şəkildə zəif işləyir. Doğrudur, SEPAH generalları faktiki olaraq hakimiyyətin mühüm hissəsini nəzarətdə saxlayırlar, lakin bununla yanaşı, parlament sədri və digər siyasi fiqurlar, İran prezidentinin səlahiyyətləri məhdud olsa belə, proseslərə müdaxilə etməyə çalışırlar. Onlar da anlayırlar ki, yeni hərbi qarşıdurma İranı daha böyük fəlakətə sürükləyə bilər".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, İranda ölkə daxilində müharibənin genişlənməsi yox, əksinə, müəyyən fasilə və atəşkəsə ehtiyac olduğu fikri güclənir:

"Bu səbəbdən Hörmüz boğazının "açıldı" deyildikdən sonra yenidən bağlanması vəziyyəti daha da gərginləşdirə bilər. ABŞ da Hörmüzün xarici tərəfdən nəzarət və mühasirə sistemini zəiflətmək niyyətində deyil, bu da İran iqtisadiyyatına ciddi mənfi təsir göstərir.
Belə şəraitdə vahid qərarın qəbul olunmaması İranın vəziyyətini daha da ağırlaşdıran əsas amillərdən biri kimi görünür".

elxan.jpg

Politoloqun sözlərinə əsasən, burada Çin amili də var:

"Çin də İran daxilindəki rejimə dolayı təzyiqlər göstərir ki, mövcud vəziyyətə siyasi həll tapılsın. Pekin İran rejimini müəyyən mənada qorusa da, indi əsas məqsəd uzunmüddətli atəşkəsin təmin olunmasıdır. Çünki atəşkəs yenidən pozularsa, bu, Çinin iqtisadi maraqlarına da ciddi zərbə vura bilər".

Xatırladaq ki, İranın əsas güc strukturlarından olan SEPAH Hörmüz boğazında keçidin məhdudlaşdırıldığını açıqlayıb. Qərargah sözçüsü İbrahim Zülfüqari bunu ABŞ-nin bölgədəki dəniz blokadasına cavab kimi izah edib və bildirib ki, Vaşinqton geri çəkilməyənə qədər bu vəziyyət davam edəcək. Bundan əvvəl isə İranın xarici işlər naziri Abbas Əraqçi boğazın açıq olduğunu demişdi.

Xalidə Gəray
Musavat.com

Избранный
14
50
musavat.com

10Источники