RU

“Neftçi”nin məğlubiyyəti ortalığı qarışdırdı: “Sifarişçi AFFA da əyləşib!”

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Neftçi”nin dünənki vəziyyəti çoxlarını məyus edib. Əksəriyyətin rəyi belədir ki, “Zirə” ilə keçirilən matçda vurulan qol sayılmamalı idi. Belə ki, epizodda ofsayd olduğu və Ruanın qapıçının qarşısını bağladığı bildirilir. Həmçinin qeyd edilir ki, buna bənzər epizodlar daha əvvəl də baş verib və əksər hallarda belə qollar ləğv olunub.

Bundan əvvəl də Tovuzun “Turan” komandasının prezidenti Ehtiram Quliyev hakim qərarlarına etiraz etmişdi və həmin oyun da “Zirə”yə qarşı keçirilmişdi. Bəzi fikirlərə görə, bu cür qərarlar hakimlərin “Zirə”yə münasibəti ilə əlaqələndirilir.

Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlı deyib ki, “Neftçi”nin qapısına vurulan qolla bağlı birmənalı qərar yürütmək mümkün deyil:

“Dünya futbolunda dəfələrlə belə hallara şahidlik etmişik, müxtəlif qərarlar verilir, bəzən qol sayılır, bəzən ləğv edilir. Bunun birmənalı əsaslandırılması isə verilmir. “Passiv ofsayd” yanaşmasından sonra belə mübahisələr daim yaşanır. Amma elə bu faktdan yapışıb Azərbaycan futbolunda baş verənlər haqda fikir yürütmək olar”.

N.Muxtarlının fikrincə, heç kimə sirr deyil ki, Azərbaycan futbolunda hakimlər ikili standartlarla çalışırlar:

“Eyni qayda pozuntusuna görə bir komandanın lehinə penalti verilir, başqa bir oyunda isə digər komandanın lehinə verilmir. Bu mövsüm belə hadisələr dəfələrlə baş verib. Bu, nəyin göstəricisidir? AFFA-nın idarəetmə qabiliyyətinin olmamasının. Hakimlərin işi böyük narazılıq yaradır. Bununla bağlı ictimaiyyət uzun müddətdir ki, haray çəkir. İddia olunur ki, hakimləri müxtəlif şəxslər idarə edirlər, onlara sifarişlər verirlər. Ona görə də, hakimlər aşkar epizodlarda belə yanlış qərarlar verirlər, VAR səhvlərə müdaxilə etmir. Amma AFFA bu məsələni araşdırıb çözə bilmir. Belə görünür ki, hakimlərə sifariş verənlər elə AFFA-da əyləşiblər”.

Natiq Muxtarlı

Jurnalist bildirib ki, futbolda səhvlər qaçılmazdır, mütləq olacaq:

“Amma bu mövsüm Azərbaycan futbolunda olan hakim səhvlərinin xarakteri bizi vadar edir ki, bu iddianı irəli sürək: bu, səhv deyil, qərəzdir. Və belə qərəzlər az qala hər tur təkrarlanır. Azərbaycan futbolunda xaos yaşanır. Klubların il ərzində çəkdikləri əziyyət kimlərinsə sifarişi ilə nəticəsiz qalır, futbolunuzda sağlam rəqabət pozulur. Bütün bunların səbəbi AFFA rəhbərliyinin səriştəsizliyidir. Futbol ictimaiyyəti AFFA-nın yeni rəhbərliyindən islahatlar aparacağını, sağlam rəqabət mühiti yaradacağını gözləyirdi. Lakin gözləntilər özünün doğrultmadı. Gəldikləri iki ildir, bəlkə də Rövnəq Abdullayevin komandasının 16 ildə etmədiyi səhvləri buraxıblar artıq. Futbolumuzda belə xaosun, kütləvi narazılığın sonuncu dəfə nə vaxt olduğunu xatırlamıram. Fikir verin, “Neftçi” üsyan edir, hakimlərdən narazılığını bildirir. “Neftçi”nin əsas sponsoru kimdir? SOCAR. SOCAR-ın prezidenti isə həm də AFFA-nın prezidentidir. Yaxşı, onda “Neftçi” kimdən kimə şikayət edir? Axı Hakimlər Komitəsi birbaşa AFFA-ya, yəni Rövşən Nəcəfə tabedir. İndi “Neftçi” bu narazılıqla kimi vurur? Məntiq deyir ki, Rövşən Nəcəfi. Bəs Rövşən Nəcəf öz komandasına – “Neftçi”yə qarşı niyə qərəzli olsun? Deməli, onun da gücü yetməyən yerdən gəlir sifariş”.

Natiq Muxtarlı fikrini belə sonlandırıb:

“Məsələ bu qədər qəlizdir, kələfin ucu itib. Azərbaycan futbolunda sağlam rəqabət anlayışı tamamilə yox olub. İndi hər şeyi sifarişlə həll edirlər. Belə xaos içində futbolu inkişaf etdirmək mümkün olmayacaq”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
50
globalinfo.az

10Источники