RU

Türkiyəni qarışdıran silsilə hücumlarda məşhur oyun detalı: Planın arxasında kim var?

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Son vaxtlar Türkiyədə məktəblərə hücumların təşkili ciddi narahatlıq doğurur. 14 apreldə Şanlıurfada, 15 apreldə isə Kahramanmaraşda məktəbdə atışma baş verib. Kahramanmaraşdakı hadisədə 8-ci sinif şagirdi 9 nəfəri öldürüb, daha sonra valideynlərdən biri onu dayandırmaq üçün bıçaqla yaralayıb, nəticədə hücum edən şəxs ölüb. Şanlıurfada isə məktəbin keçmiş şagirdi 16 nəfəri yaraladıqdan sonra özünü öldürüb. Həmçinin Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda orta məktəblərdən birinə hücum hazırladığı iddia edilən 8 şübhəlidən ibarət qruplaşmanın üzvləri jandarm əməkdaşları tərəfindən saxlanılıb. Xüsusilə bu fakt riskin davam etdiyini göstərir.

Bu hadisələr arasında nəzərə çarpan oxşarlıqların olması, onların qısa zaman intervalında, eyni sosial mühitdə və oxşar yaş qrupuna aid şəxslər tərəfindən törədilməsi bunun təsadüfi olmadığını düşünməyə əsas verir.

Maraqlı bir bənzərlik isə aparılan araşdırmalar zamanı ortaya çıxıb. Belə ki, Şanlıurfa və Kahramanmaraşdakı hücumları törədən şəxslərin uzun saatlar boyu eyni kompüter oyununu oynadığı müəyyən edilib. Hüquq-mühafizə orqanlarının apardığı təhqiqat nəticəsində məlum olub ki, hər iki cinayətkar uzun müddət “PUBG” oyununun aludəçisi olub.

“PUBG” oyunu aludəçiliyi həqiqətən də mühüm detaldır. Bu oyunu dünyanın əksər ölkələrində müxtəlif yaş qrupundan insanlar oynayır. Lakin yenə də daha çox məktəblilər və yeniyetmələr arasında populyardır. Şəxsi təcrübəmdən də deyə bilərəm ki, aqressiya və şiddət kimi halları müəyyən dərəcədə artırır.

Lakin hər iki cinayətkarın “PUBG” aludəsi olması hər şeyi izah etmir. Çünki bu və bu kimi oyunları oynayaraq hərb sahəsinə marağı artan, gələcəkdə hərbçi olmaq istəyən kifayət qədər insan da var. Məsələ oyunun özündən daha çox, onun yaratdığı kommunikasiya mühitidir. Bu tip oyunlar yalnız əyləncə platforması deyil, eyni zamanda açıq ünsiyyət kanallarıdır. Çat və səsli əlaqə sistemləri vasitəsilə istifadəçilər müxtəlif təsirlərə məruz qala bilirlər. Daha sadə formada desək, “PUBG” və bənzəri oyunları 30–40 yaşlı, İŞİD kimi terror qruplaşmalarına mənsub və ya xarici kəşfiyyat sistemlərinə bağlı şəxslər də yeniyetmə və məktəblilərlə birlikdə oynaya bilər. Onu da qeyd edim ki, bu yaş qrupunu təsirə salmaq nisbətən asandır.

Misal üçün, 10 sentyabr 2025-ci ildə Nepalda, 30 sentyabr 2025-ci ildə isə Madaqaskarda “Z nəsli”nin başlatdığı etirazlarla bağlı yazdığım məqalələrdə qeyd etmişdim: “Bu gün ola bilər ki, “Z nəsli” etirazları Nepalda və ya Madaqaskarda yaşanır. Amma bu tendensiyanın qısa zamanda bizə yaxın coğrafiya və ölkələrə sıçraması da mümkündür. Mənə görə, Türkiyə və İran bunun üçün çox münasibdir”.

Şanlıurfa və Kahramanmaraş insidentlərinin törədicilərinin məhz “Z nəsli” nümayəndələri olması da başqa bir detaldır. “Z nəsli”nin ən böyük zəifliyi isə sosial media ilə olan simbiozu, emosional və ideoloji yönləndirilməyə açıqlığıdır.

Şanlıurfa və Kahramanmaraş olayları daha köklü və dərin araşdırma tələb edir. Bu hadisələr FETÖ olaylarından daha təhlükəli ola bilər. Çünki proses Türkiyənin gələcəyi olan gənclik üzərindən aparılır.

Turan Rzayev

Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
globalinfo.az

1Источники