RU

Yeniyetmələrdə zorakılıq meyilləri artıb: NİYƏ?

Son günlər Türkiyə məktəblərində baş verən silahlı hücumlar cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Bu hadisələr göstərir ki, yeniyetmələr arasında zorakılıq davranışı bir anda yaranan hal deyil, daha çox uzun müddət ərzində formalaşan sosial və psixoloji proseslərin nəticəsidir.

Adətən bu proses ailə mühitində diqqətdən qaçan detallar, məktəbdə və sosial çevrədə yaşanan problemlər və yeniyetmənin getdikcə dəyişən davranışları ilə bağlı olur.

Yeniyetmədə zorakılıq meyilləri adətən özünü hansı davranış dəyişiklikləri ilə göstərir? Ailələr yeniyetmədə davranış dəyişikliklərini niyə çox vaxt gec fərq edir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında psixoloq Gülnar Ağayeva bildirib ki, yeniyetmədə zorakılıq meyilləri birdən-birə baş verən hadisə deyil, uzun müddət formalaşan daxili gərginliyin və sosial təsirlərin nəticəsidir:

"Bu proses adətən davranışda tədrici dəyişikliklərlə özünü göstərir. Ən erkən siqnallardan biri emosional sabitliyin pozulmasıdır. Yeniyetmə əvvəlkindən daha tez əsəbiləşir, xırda hadisələrə həddindən artıq sərt reaksiya verir və impulsiv davranışlar artır. 

Bəzən isə tam əksinə, emosional qapanma baş verir, yəni uşaq ailədən, dostlardan uzaqlaşır, tək qalmağa üstünlük verir və ünsiyyəti minimuma endirir. 

Bu iki fərqli davranış forması eyni riskin müxtəlif ifadələridir".

Onun sözlərinə görə, digər mühüm göstərici sosial davranışın dəyişməsidir:

"Yeniyetmə məktəbdə intizam pozuntularına daha çox yol verməyə başlayır, dərslərə marağı azalır, müəllim və həmyaşıdlarla konfliktlər artır.

Paralel olaraq, davranışda gizlilik güclənir, telefon, sosial çevrə və gündəlik fəaliyyətlər daha çox “qorunan sahə”yə çevrilir. Bu isə çox vaxt daxili narahatlığın xarici ifadəsidir.

Müasir həyat tərzi valideyn-uşaq münasibətlərini zəiflədir. Valideynlər çox zaman iş, sosial və iqtisadi yük altında olur və uşağın gündəlik emosional vəziyyətini dərin izləməyə imkan tapmır".

Psixoloq qeyd edib ki, yeniyetmələr bu dövrdə daha qapanıq olur və hisslərini gizlətməyə meyil göstərirlər:

"Bu, inkişafın normal hissəsi kimi görünsə də, riskli hallarda problemlərin görünməsini çətinləşdirir. Əgər ailədə açıq ünsiyyət yoxdursa və uşaq özünü sərbəst ifadə edə bilmirsə, onun yaşadığı problemlər çox vaxt gizli qalır.

Valideyn yalnız nəzarət edən mövqedə olduqda isə bu problemlər vaxtında fərq edilmir və dərinləşə bilər. Bütün bunların nəticəsində siqnallar çox vaxt ya gec fərq edilir, ya da “keçici dövr” kimi qiymətləndirilib ciddi qəbul olunmur. 

Halbuki psixoloji risklərdə ən kritik məqam elə ilkin mərhələdir, çünki müdaxilə nə qədər tez olarsa, riskin qarşısını almaq da o qədər mümkün olur".

Избранный
20
1
cebheinfo.az

2Источники