"Azərbaycanda fars adları geniş yayılıb, bu, artıq ekspansiyadır"
Son illər Azərbaycanda ad seçimi ilə bağlı maraqlı və düşündürücü bir tendensiya müşahidə olunur. Statistikaya görə, Uğur , Zəhra , Yusif kimi adlar son 5 ilin ən populyar adları sırasında yer alır və gənc ailələr övladlarına daha çox bu adları verməyə üstünlük verirlər. Bununla yanaşı, Melisa , Miran , Raul kimi xarici mənşəli adlar da ikinci sırada qərarlaşıb və zaman-zaman milli adların populyarlığını kölgədə qoyur. Mütəxəssislər bu dəyişimi əsasən qloballaşma prosesi, xarici serialların təsiri və sosial medianın güclənməsi ilə əlaqələndirirlər. Onların fikrincə, dilimizi necə qoruyuruqsa, milli adlarımızı da eyni həssaslıqla qorumaq vacibdir. Çünki ad sadəcə seçim deyil, həm də kimlik, mədəniyyət və mənsubiyyət göstəricisidir.
Bəs son illərdə ən çox seçilən adların arxasında hansı sosial və mədəni səbəblər dayanır? Milli adların qorunması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb. O, qeyd edib ki, Azərbaycanda daha çox ərəb adları üstünlük təşkil edir: "Bu adlar məsələsi çox həssas məsələdir. Bu məsələ ilə mən uzun illərdir məşğulam və dəfələrlə də həyəcan təbili çalmışam. Hətta elə yazılarım olub ki, bir çoxlarının xoşuna gəlməyib. Diqqət etsək, ümumiyyətlə Azərbaycan cəmiyyətində daha çox ərəb adları üstünlük təşkil edir. Məsələn, Məhəmməddən başlamış Həsən, Hüseyn, Əli, Ömər və sairə. Halbuki Azərbaycan bir türk dövlətidir və təbiidir ki, adlar da daha çox buna uyğun olmalıdır.
İndi Uğur adının birinci yerə çıxması əslində məni sevindirir ki, nəhayət insanlarımız öz milli kimliyinə uyğun adlara üstünlük verməyə başlayıb. Zəhra, Yusif ərəb adlarıdır, yəni bizə aid olmayan adlardır. İndi kimlərsə çıxıb deyəcək ki, dini adlardır, ona görə qoyurlar. Dini addırsa belə, yenə ərəb adıdır. Yəni biz niyə uşaqlarımıza ərəb adları qoymalıyıq? Yaxud ərəb ölkələrində bir nəfər türk adına rast gələ bilərsinizmi? Əsla. Sadəcə, vaxtilə ərəb və onunla bərabər fars adlarını bizə din və məzhəb adı altında sırıyıblar. İnsanımız da düşünür ki, uşağımın adını Məhəmməd qoysam, övladım müqəddəs olacaq, peyğəmbər kimi insan olacaq. Olurmu? Əlbəttə ki, olmur. Məhəmməd adında nə qədər narkoman, əyyaş göstərə bilərəm. Eləcə də Hüseyn, Əli və digər adlarda. Adları qoyanda onlar dönüb müqəddəs oldularmı? Yəni bu adlar heç nəyi dəyişmir".
Azər Həsrət qeyd edib ki, hər kəs öz övladına öz etnik kimliyinə uyğun adlar verməlidir: "Daha din adı altında ərəb və ya fars adları deyil. Bununla bərabər, son illərdə Avropa, yaxud Qərb mənşəli adların da üstünlük təşkil etdiyini görürük. Məsələn, Melisa, Raul – bunlar nə deməkdir? Sən axı türk balasısan, sənə bu nə addır veriblər? Bir valideyn niyə övladına bu cür əcnəbi ad verməlidir? Mənasını belə bilmədiyimiz, milli kimliyimizə dəxli olmayan adlar seçilir".
Siyasi şərhçi onu da vurğulayıb ki, adlarla bağlı dövlət ciddi iş görməlidir:"Nə etməliyik? Milli adlarımızın siyahısı hazırlanmalı, qeydiyyat idarələrinə verilməlidir və onlara ciddi tapşırılmalıdır ki, qeyri-türk adları uşaqlara verilməsin. Əlbəttə, kimsə deyə bilər ki, mən azərbaycanlıyam, amma türk deyiləm. Bəli, o halda hər kəs öz etnik kimliyinə uyğun ad seçməlidir. Talışın, ləzginin, avarın, kürdün və digərlərinin öz adları olsun, niyə də olmasın? Amma bu nədir ki, hamı ya ərəb-fars, ya da Avropa, ingilis, fransız, ispan adları qoyur? Bu adların bizə nə dəxli var? Bu adlar bizi milli kimlik baxımından dünyaya tanıtmır. Çünki ərəb ölkəsində də Məhəmməd var, bizdə də var, farsda da var. “Müsəlmanam” deyib uşağın adını Məhəmməd qoyur və nəticədə etnik kimliyimiz kölgədə qalır.Bu məsələlər yoluna qoyulmalıdır. Bir daha qeyd edirəm ki, mən nə ərəbin, nə farsın, nə ispanın, nə ingilisin adına qarşıyam. Amma mənim millətimin öz milli kimliyi var və ona uyğun ad verilməlidir".
Azər Həsrət onu da xatırladıb ki, İranda türk övladlarına türk adı qoymaq belə qadağandır: "İllərlə uşağına ad qoya bilməyən soydaşlarımız var. Gedirlər qeydiyyat idarəsinə ki, məsələn, Ayxan, Orxan adı qoymaq istəyirlər, deyirlər ki, olmaz. Halbuki türk balası öz övladına türk adı qoymağa sahib olmalıdır. Gördüyünüz kimi, İranda buna icazə verilmir, amma bizdə nə edilir? Fars adlarını rahat şəkildə övladlarımıza qoyuruq. Hətta Azərbaycanda fars adları geniş yayılıb. Bu, artıq bir ekspansiyadır. Ona görə də bunun qarşısı alınmalıdır".
Xalidə Gəray
Musavat.com