RU

Lal, kar, kor olan Azərbaycan futbolu

“Zirə” ilə oyundan (1:1) sonra “Neftçi” maraqlı paylaşım etdi: matçda lal, kar, kor VAR. Amma bir az da dərinə getsən, bunu ümumilikdə, Azərbaycan futboluna şamil etmək olar.

Hakim səhvləri bir-birini əvəz edir, hər həftə hansısa qalmaqal baş verir, Rəhim Həsənov da fərqli-fərqli yorumları ilə artıq hamıda gülüş doğurur. Oyundan sonra Emin Mahmudovun da vurğuladığı kimi “gah deyirlər dirsək penaltidir, gah deyirlər penalti deyil”. Hakimlər Komitəsinin sədrinin şərhlərini komediya seriyalının növbəti bölümü kimi gözləyirik, görək bu dəfə nəyə gülürük.

Elə bilirsiz, yeganə problem hakimlikdir? AFFA son Konfransında qadın futbolundakı “inkişafı” çox qabartmağa çalışırdı. Amma gəlin, 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin  Avropa çempionatının seçmə mərhələsindəki nəticələrinə baxaq. Komanda son oyunda Gürcüstana 1:4 hesabı ilə uduzdu. U-19 bundan əvvəl Xorvatiyaya 0:6 və Çexiyaya 0:9 hesabı ilə məğlub olmuşdu. 3 oyuna 19 top buraxıldı və penaltidən cəmi 1 qol vuruldu. Moşu demişkən, ayə inkişaf budurmu?

Dünən “Zirə” – “Neftçi” matçını idarə edən İnqilab Məmmədov bu mövsüm Qubada “İmişli” – “Qəbələ” oyununda (2:2) qonaqların başına oyun açmışdı. Bir neçə tur təyinat almadı və sonradan yenə ən vacib matçlara göndərilir. Ötən mövsüm “Neftçi” – “Sabah” matçındakı səhvinə görə, “Sabah”ın təzyiqi ilə Rauf Allahverdiyev hakimlikdən qovuldu. İndi İnqilaba bir söz deyən olmayacaq? Futbol ictimaiyyəti də bu məsələyə susqun qalmamalıdır. Biz ötənlərin məşhur hakimləri Tahir Süleymanov, Xaqani Məmmədov, Fariz Yusifovdan məsələ ilə bağlı münasibət gözləyirik.  Xüsusən də vaxtilə “Neftçi”nin vitse-prezidenti olub azarkeşlərlə bir tribunada oyunu izləmiş sabiq FİFA referisi Tahir bəyin fikirləri maraqlı olardı.

Bir neçə həftə əvvəl “Turan Tovuz”, indi “Neftçi”. Tovuz klubunun lehinə 2 penalti verilmədiyi rəsmən etiraf olundu, amma buna rəğmən İdarə Heyətinin sədri Ehtiram Quliyev 15 min cərimələndi. “Neftçi”nin də səsini maddi cəza ilə almağa çalışacaqsız? Yeri gəlmişkən, “Neftçi”nin Müşahidə Şurasının sədri Hafiz Zeynalov Rövşən Nəcəfin prezident olduğu SOCAR-da aparat rəhbəridir.

 

Избранный
20
msport.az

1Источники