RU

Sanki Allah da sənin yerini bilmir

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hüseyn BAĞIROĞLU

Bəxt gülməyəndə

Sanki Allah da sənin yerini bilmir,

Vədə gəlməyəndə, vaxt gülməyəndə.

Dostlar da adamın üzünə gülmür,

Adamın üzünə baxt gülməyəndə.

Eşqin ayağına gələn tapılmır,

Bölənin özünü bölən tapılır,

Təbrizin göz yaşın silən tapılmır,

Arazın dərdini Kür bilməyəndə.

O pak mələklərdən bir səs də gəlmir,

Gedir, bax, bu quru nəfəs də, gəlmir,

Vallah, yaşamağa həvəs də gəlmir,

Hər gün bir şeirlik təb gəlməyəndə.

Mən qoca dünyanı necə qoruyum

Bitmədi xeyirlə şərin davası,

Şeytanın toyudur insanın yası

Hər kəsin cibində atom bombası,

Mən qoca dünyanı necə qoruyum?!

Musa nələr çəkdi Firon əlindən,

Amandı, düşməsin Quran əlindən.

Göydə quş qalmadı dron əlindən,

Mən qoca dünyanı necə qoruyum?!

Hanı körpələrin o gül nəşəsi,

Bəndə düşüb yenə tər bənövşəsi.

Dönür cəhənnəmə hər bir guşəsi,

Mən qoca dünyanı necə qoruyum?!

Nədən anlamırıq Yer-yurdumuzdu,

Hələ açılmayan sirr yurdumuzdu,

Dəyərin anlasaq pir yurdumuzdu,

Mən qoca dünyanı necə qoruyum?!

Şeytan yola gəlməz xoş kəlam ilə,

Dünya dolub-daşır dərd, ələm ilə,

Mən bu vərəq ilə, bu qələm ilə,

Bu qoca dünyanı necə qoruyum?!

Dünya cənnət olmalıydı

Nə bir azca utandılar,

Nə də ki, ar eylədilər.

Bu dünyanın göylərini

Quşlara dar eylədilər.

Nəydi arzu diləkləri?

Görmədilər mələkləri.

Sevmədilər, ürəkləri

Eşqə məzar eylədilər.

Hər kəs özün duymalıydı,

Sonra eşqlə dolmalıydı,

Dünya cənnət olmalıydı,

Onu bazar eylədilər.

Ey gül

Gözlərindən özgə bir göyüm yoxdu,

Gecə bəxt ulduzun görməyə, ey gül.

Ömrümdən savayı bir şeyim yoxdu,

Hər gün qədəminə sərməyə, ey gül.

Mələklər qapımı döyə, deyirəm,

Bu Yer də, bənzəyə göyə deyirəm,

O qədər gözəlsən, dəyər, deyirəm,

Sənə gündə min gül dərməyə, ey gül.

Kim açar, kim bağlar dünya qapısın?

Qoyma eşqin gözün şeytan qapasın.

Qıymadın külümü yellər aparsın,

Qatdın gözündəki sürməyə, ey gül.

Sev, bir də özünü tanı dünyada,

Sevgidir insanın canı dünyada.

Bir işim yox idi fani dünyada,

Gəlmişdim mən səni sevməyə, ey gül.

Ayə bilirdim

Məsum baxışından havalanırdım,

Gülüm, hər sözünü ayə bilirdim.

Mən, bütpərəst səni bir büt bilirdim,

Qaşını-gözünü ayə bilirdim.

Var olan bir andı hər bir zamanda,

Bir səadət vardı baxdığım anda.

Ruhum dirilirdi sənə baxanda,

O nurlu üzünü ayə bilirdim.

Əsən küləklərlə hey əsəm belə.

Bildin nə deyirəm, deməsəm belə.

Oxuyub dərk edə bilməsəm belə,

Mən sənin özünü ayə bilirdim.

Eşqlə açdıq hər kilidi

Allahla baş-başa qalım,

Mələk araya girməsin;

Nə bir arzu, nə bir istək,

dilək araya girməsin.

Eşqlə açdıq hər kilidi,

Bu dünya eşqlə kiridi.

Eşq sonsuz dərya kimidi,

Xam bu dəryaya girməsin.

Ömür Göyün öz payıdı,

Şeir bəxtin söz payıdı.

Könül eşqin sarayıdı,

Şeytan saraya girməsin.

Sən bircə baxışla nələr deyirsən

Allahın o qədər ayətləri var,

Amma səndən gözəl ayə bilmirəm.

Sən necə alırsan ağlımı başdan,

Sən necə dönürsən meyə, bilmirəm.

Yerin ürəkdədir bu təndə sənin,

Kölən olmaq istər bu bəndə sənin.

Günəş necə qalır kölgəndə sənin,

Nurun necə düşür Aya, bilmirəm.

Kim deyə bilər ki, mələk deyilsən,

Cənnətdən dərilmiş çiçək deyilsən.

Sən bircə baxışla nələr deyirsən,

Onu bir dastanla deyə bilmirəm.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
39
525.az

1Источники