RU

Qərblə Şərq əks qütblər olmamalıdır Telman Orucov yazır

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Telman ORUCOV

Yeni imperializm

 Dünyanı müharibələrə cəlb edən və müstəmləkələr sistemi yaradan yeni imperializm XIX və XX əsrlərdə təşəkkül tapdı. 1880-ci illərdə Avropa dövlətləri intensiv olaraq okeandan o tərəfdəki ərazilərə yiyələnməyə başladı. Bəziləri bunu "yeni imperializm" adlandırırdı və bu hərəkət avropalıları Asiyanı və Afrikanı ələ keçirməyə apardı. Şimali, Mərkəzi və Cənubi Amerikanın isə işğalı və müstəmləkəyə çevrilməsi İngiltərə, İspaniya, Fransa tərəfindən həyata keçirilməklə, üç əsr əvvəl, XVI əsrdə baş vermişdi. İngiltərə və Fransa Şimali Amerikada, İspaniya Mərkəzi və Cənubi Amerikalarda, şimaldakı Florida yarımadası da daxil olmaqla, böyük ərazilərə sahib olmuşdular.

Rəqabət aparan milli dövlətlərin mövcudluğu və 1870-ci ildən sonra millətçiliyin böyüməsi, heç şübhəsiz, yeni imperializmin güclənməsində başlıca səbəb oldu. Avropa dövlətləri müstəmləkələr əldə etməyə çalışırdı. Misal üçün, Böyük Britaniyanın müstəmləkələr qazanmasında heç də iqtisadi səbəblər əsas rol oynamırdı, onlar birinci növbədə fransızları, almanları və ya rusiyalıları Britaniyanın nüfuzuna zərər verəcək bazalar yaratmaqdan çəkindirmək məqsədini güdürdü. Müstəmləkələr həm də beynəlxalq nüfuz mənbəyinə çevrilmişdi, zəiflik nişanəsi göstərənlər böyük qüvvəyə yiyələnə bilmirdi. Britaniya xarici işlər naziri yazırdı: "1880-ci ildə mən Xarici İşlər Nazirliyinin tərk edəndə, heç kəs Afrika barədə düşünmürdü. 1885-ci ildə yenidən mən oraya qayıdanda Avropa millətləri Afrikada alacaqları müxtəlif paylar üçün bir-birilə, demək olar ki, mübahisə edirdilər". Sonrakı illərdə imperializm millətçiliklə sıx bağlı oldu.

Patriotik qızğınlıq da çox vaxt imperializmə marağın artmasından ötəri istifadə olunurdu. Məktəblərdə öyrədilən coğrafiya dərslərində müstəmləkə ərazilərinin xəritələrindən istifadə olunurdu. Qəzetlər, jurnallar çox vaxt əsgər məktublarını dərc edirdilər, onlarda imperializm, ölkə naminə olan qəhrəmancasına igidlik kimi təsvir edilirdi.

Volyuntor qrupları, coğrafi cəmiyyətlər və dənizçilik liqaları da imperial macəralar üçün entuziazmı gücləndirirdi. Xarici ölkəyə ekspansiyanın xalqda şadlıq hissi yaratması üçün teatrlarda oynanılmaq üçün hətta xüsusi pyeslər yazılırdı.

İmperializm həmçinin sosial Darvinizmlə və irqçiliklə bağlı idi. Sosial Darvinizm inanırdı ki, millətlər arasındakı mübarizə yararlı olmaqla yanaşı, qələbə çalmaq və sağ qalmaq şansıdır. Fövqəl irqlər aşağı irqlərə hərbi güc hesabına ağalıq etməlidir ki, özünün necə möhkəm və cəsarətli olduğunu göstərsin.

Bəzi avropalılar imperializm üçün daha çox dini nöqteyi-nəzərdən və ya humanitar yaxınlaşma vasitələrindən istifadə edirdilər. "Ağ evin yükü" barədəki qeyd, burada Vaşinqtondakı prezident iqamətgahı nəzərdə tutulmur, ən azı daha idealist xarakterli fərdlərin şüuruna imperializmi rasional cəhət kimi təlqin edirdi. Minlərlə katolik və protestant missionerləri xarici ölkələrə göndərilirdi ki, oradakı adamları öz inanclarına keçirsinlər. Onların yüksək sivilizasiya barədəki inamı adamları məcbur edirdi ki, modern sənayedən və yeni təbabətdən primitiv icmalara qarşı təsir vasitəsi kimi istifadə etsinlər, bu da məhz irqçiliyin başqa bir forması idi.

Bir çox tarixçilər imperializm üçün iqtisadi motivasiyanın vacibliyini vurğulayırlar. Qərb ölkələrində, özlərində tapılmayan təbii sərvətlərə və məhsullara  həqiqətən də böyük ehtiyac var idi. Avropa investorları, xammal kimi materiallar tapdıqda, həmin zonalara birbaşa nəzarət etməyə çalışırdılar. İngilis Sesil Rodsun XIX əsrin sonunda qızıl mədənlərinə sahib olduğu ərazini öz adının şərəfinə Rodeziya adlandırması da, imperializmin heç bir mənəvi hədd tanımadığını göstərir.

Kapital və bank sahibləri, həmçinin sənayeçilər inkişaf etməmiş zonalardan daha yüksək dərəcədə gəlir götürməyə nail olurdular. Bütün bu amillər birlikdə iqtisadi imperializmi yaradırdı. Bu vaxt Avropa malları dünyanın bütün hissələrindəki iqtisadi aktivlikdə aparıcılıq edirdi. Buna baxmayaraq, iqtisadi imperializm müstəmləkə ekspansiyası kimi hərəkətlər üçün heç də vacib deyildi. Öz ölkələrində, əvvəllər müstəmləkə imperiyaları mövcud olmayanda, biznes daha çox mənfəət verən sahələrə investisiya qoyurdu. 1914-cü ildən əvvəl fransız xarici investisiyalarının hətta 10 faizindən azı Fransa müstəmləkələrinə ayrılırdı, qalanların əksəriyyəti isə Latın Amerikasına və Avropa ölkələrinə qoyulurdu. Təsadüfi deyildir ki, Karl Marksın ardınca V.İ.Lenin imperializmə daha düzgün qiymət verib, onu dünya kapitalizminin ən yüksək mərhələsi adlandırmışdı.

İmperializm həm də müharibələr törədirdi. Cənubi Afrikadakı Bur müharibəsi 1899-cu ildə başlayıb, 1902-ci ildə başa çatmışdı. Britaniyalılar, yerli sakinlər olan burların partizan taktikalarına qarşı mübarizədə, böyük xərc hesabına qalib gəlmişdi. 87 min buru məhv etmək üçün, demək olar ki, 450 min britaniyalı və imperial qüvvələr lazım olmuşdu. 22 min britaniyalı döyüşlərdə həlak olmuşdu. Burlara qarşı britaniyalılar vəhşiliklə xarakterizə olunan zorakılıq göstərmişdilər.

Mərkəzi Afrikada isə Belçika müstəmləkəçiləri quduzluqları ilə seçilirdilər. Belçika kralı II Leopold (1865-1909-cu illər) bu proqress əsrində, Afrikaya Səlib yürüşü gətirməsi ilə öyünürdü. Onun üçün proqresdən daha vacib olan niyyət mənfəət götürmək idi. Onun afrikalılara qarşı münasibəti daha zorakı xarakter daşıyırdı. Heveya ağacının şirəsini, ondan rezin istehsalında baş xammal kimi istifadə olunurdu, toplamaq üçün qoyulan gündəlik normanı ödəməyən zəncinin sağ qolu kəsilirdi. İşçi qüvvəsi bu vəhşilikdən çox məhdudlaşdığına görə, yalnız belə iyrənc cəza növünə son qoyuldu.

Britaniyalılar hələ XVII əsrin əvvəlində yaradılan Ost İndia kompaniyası vasitəsilə Hindistan kimi böyük subkontinenti sonralar müstəmləkəyə çevirməyi bacarmışdılar. 1858-ci ildə kompaniyanın hindli qoşunlarına daxil olan sipahilərin qiyamı, qan tökməklə yatırıldı. 1876-cı ildə isə Hindistan imperatriçəsi titulu Britaniya kraliçası Viktoriyaya verildi.

Ruslar da cənuba doğru hərəkət edib, Cənubi Qafqazı tutmuşdular. Həmin Rusiya imperialist xülyalara yiyələnməyə çalışsa da, Avropanın ən geri qalan dövləti idi, burada quldarlığın bir növü olan təhkimçilik XIX əsrin ortalarına qədər ömür sürmüşdü.

Rusiyada mövcud olan, yalnız 1861-ci ildə ləğv edilən təhkimçilik hüququ imperiyanın iqtisadi və hərbi gücünü zəiflədirdi.  Təhkimçilik, iri Avropa ölkələri ilə müqayisədə Rusiyanın geridə qalmasına şərait yaradırdı. Orduda xidmət edən təhkimçi kəndli savadsız olduğundan silahdan və hərbi texnikadan baş çıxara bilmirdi. 1853-56-cı illərdəki Krım müharibəsində Rusiyanın məğlub olmasının mühüm cəbəblərindən biri bu idi. Avropa ölkələrindən XIX əsrdəki gerilik sonrakı dövrlərə də öz təsirini itirmədi. İnqilabın yetirməsi olan SSRİ isə 1930-cu illərdə sənayeni böyük sürətlə inkişaf etdirdi. II Dünya müharibəsıindəki qələbə SSRİ-nin nüfuzunu çox yüksəltdi və onun ABŞ-la birlikdə fövqəldövlətə çevrilməsinə şərait yaratdı.

Rusiya imperiyasının yaranmasında və böyüməsində XVI əsr xüsusi yer tutur. Çar İvan Qroznı 1552-ci ildə Kazan xanlığını, dörd il sonra isə Həştərxan xanlığını işğal etdi. Həmin əsrdə həm də Sibirin işğalı hesabına Rusiya ərazisi xeyli genişlənmişdi. XVII əsrin sonu, XVIII əsrin əvvəlində İ Pyotr Azov yürüşünə və Şimal müharibəsində rus ordusuna başçılıq etmişdi. 1709-cu ildə Poltava döyüşündə İsveç ordusunu məğlub etmiş, şimali-qərb əraziləri hesabına və digər vasitələrdən istifadə etməklə Avropaya pəncərə açmışdı. Həmin əsrin ikinci yarısında imperatriçə II Yekaterina qərbdə və cənubi qərbdə işğal edilmiş torpaqlar hesabına Rusiyanın ərazisini xeyli genişləndirmiş, silaha əl atmadan Krım yarımadasını dövlətinə anneksiya etmişdi.

Sibirin işğalı, heç şübhəsiz, Rusiyanın imperiyaya çevrilməsində mühüm əhəmiyyətə malikdir. XVI əsrin sonunda varlı Stroqanovların himayə etdiyi kazak lideri Yermak Timofeyeviç (1585-ci ildə ölmüşdür) ekspedisiyaya başçılıq edib, Ural dağlarını aşaraq, 1581-ci ildə şərqdəki Sibirin tatar hökmdarı olan Kuçuma qarşı vuruşdu və Tatar şəhərini işğal etdi. Bununla da Sibirə Rusiya ekspansiyası başlandı. Kiçik güc tətbiq edilməklə, həlledici qələbə çalındı və daimi nəzarət edilmək üçün bu region tutuldu. Bu hadisə qəhrəmanlıq nümunəsi olmaqla yanaşı, həm də əsl zorakılıq idi. Burada qiyam və repressiya dövrləri də meydana gəldi. Ziddiyyətli cəhətlərinə baxmayaraq, Sibirin tutulması və Rusiya tabeliyinə keçməsi ətrafındakı hadisələr, əsl imperiyaya çevrilən bir dövlətin tarixinin mühüm fəsilini əhatə edir. Axı kazaklar dövlətə Avropaya məxsus olandan böyük ərazi vermişdilər və bu torpaqlar, Rusiyanı, geniş imperiyaya çevrilməyə qadir etdi. Təsadüfi deyildir ki, Napoleon demişdi ki, "Mənə 20 min kazak verin, mən bütün dünyanı fəth edərəm".

Müasir Rusiya böyük maliyyə imkanlarına görə Yermaka və onun kazaklarına minnətdar olmalıdır, çünki bu nəhəng gəlirlər, əsasən Qərbi Sibirdəki neft və qaz yataqlarının istismarı hesabına əldə edilmişdir. Azərbaycanlılar da fəxr edə bilərlər ki, bu regionda, Surqutda neft istehsalının bünövrəsini öz həmyerliləri, məşhur geoloq Fərman Salmanov qoymuşdur.

"Kazak" sözü "müstəqil döyüşçü" mənasını verən tatar terminindən əmələ gəlmişdir.  Kazaklar atlı adamlar qrupu olmaqla, hərbi bacarıqlarına görə məşhurlaşmışdı. Tabe olduqları qanunlarda "kazak üçün ağa yoxdur. Ali hakimiyyət - kazak dairəsidir" ehkamları vardır. Onlar Rusiya çarları üçün döyüşçü və tədqiqatçı idilər, sərhədləri qoruyur, narazılıqları yatırdır və yerlilərdən xəz şəklində qənimət yığırdılar.  Həm də fermerliklə, ovçuluqla və ticarətlə məşğul olurdular. Onlar Sibir xaqanatı (xanlığı) kimi yeni əraziləri təkcə işğal etmədilər, həm də müəyyən ölçüdə məskunlaşdırdılar. XVI əsrin sonundan, Yermakın işğalından sonra kazaklar Sibir regionunda  yaşamağa başladılar. Onların çoxu Rusiyanın şimali-qərbindən gəlmişdi, Don və Zaporojye kazakları ilə olduqca kiçik əlaqələri var idi. Onlar sayca az olduqlarından, daha çox qarnizon sakinləri və sərhəd gözətçiləri idilər.

Rusiya imperiyası da, başqaları kimi qan axıtmaqla, əsasən işğallar vasitəsilə meydana gəlmişdi, bu sahədə müstəqil kazaklar, sadəcə olaraq, başqalarından fərqli olaraq, rus ordusundan daha böyük xidmət göstərmişdilər. Həm də onlara qarşı dayanan Sibirin qüvvələri də nisbətən daha zəif idi. Müxtəlif və çox saylı işğallar Rusiyanı dünyada ən geniş ərazisi olan imperiyaya çevirdi.

Yeni imperializmə görə isə, məsuliyyət bütünlüklə Avropa dövlətlərinin üzərinə düşür. Avropalılar aşağı səviyyəli hesab etdikləri xalqlara öz mədəniyyətini təlqin etdikdə, işğal edilmiş xalqların necə cavab verəcəyi, bu dövlətlərin siyasətçilərini heç maraqlandırmırdı da. İlk cəhdlər əcnəbiləri məcbur etdi ki, işğal etdikləri əraziləri viran qoysunlar, onların sənaye texnologiyaları, yerli xalqları müharibədə darmadağın edən modern silahlar vermişdi. Xalqların əksəriyyəti kiçik elitanın idarəçiliyinə adət etdiklərinə görə, yeni idarə edənləri sadəcə olaraq qəbul edirdilər. Bu isə qərblilərin idarəçiliyini nisbətən asanlaşdırdı. Ənənəviçilər özlərinin mədəni ənənələrini dəstəkləməyə çalışırdılar. Lakin modernizasiya tərəfdarları inanırdılar ki, Qərb qaydalarına uyğunlaşma, cəmiyyətin islahatını keçirməyə onları qadir edəcəkdir və hökmən Qərb idarəçiliyinə çağırış yaranacaqdır.

XX əsrin başlanğıcındakı Afrikanın yeni sinfi liderləri meydana gəldi. Müstəmləkə məktəblərində təhsil alanlar ilk Afrika nəsli idi ki, Qərblə böyük sövdələşmədən xəbər tutdular və öz müstəmləkə müəllimlərinin dilində yazmağa başladılar. Bu "yeni sinif" Qərb mədəniyyətinə valeh olmuşdu və bəzən öz ölkələrinin mədəni yollarını bəyənmirdilər. Qərblilər demokratiya, bərabərlik və siyasi azadlıq prinsiplərini irəli sürürdülər, lakin bu dəyərlər müstəmləkələrdə heç də tətbiq olunmurdu. Burada az sayda demokratik institutlar var idi və müstəmləkə xalqları müstəmləkə bürokratiyasının yalnız aşağı pillələrində iş tapa bilirdilər.

Müstəmləkəçilər afrikalı uşaqların şüuruna çox saydakı vasitələrlə təsir edib, onları Qərb qaydalarının tərəfdarlarına çevirirdilər. İngilis müəllimlər uşağın yerli tayfa adını bəyənməyib, ona ingilis adını daşımağı məsləhət görürdülər.

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
525.az

1Источники