Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Yaxın zamanda ABŞ ilə İran arasında razılıq əldə oluna bilər.
“Axios” nəşrinin məlumatına görə, ABŞ və İran müharibənin dayandırılması və regionda atəşkəsin təmin edilməsi ilə bağlı məsələlərdə ortaq mövqeyə gəlməyə çalışırlar.
Nəşrin məlumatında qeyd olunur ki, çərşənbə axşamı ABŞ və İran danışıqlarda irəliləyiş əldə edərək müharibənin dayandırılması üzrə çərçivə sazişinin bağlanmasına yaxınlaşıblar.
Amerikalı rəsmi bildirib ki, Trampın danışıqlar qrupu - vitse-prezident Vens, xüsusi nümayəndə Stiv Uitkoff və Baş müşavir Cared Kuşner - çərşənbə axşamı iranlılar və vasitəçilərlə telefon danışıqlarını və təklif layihələrinin mübadiləsini davam etdiriblər.
"Onlar əlaqədə idilər və bütün ölkələrlə arxa planda danışıqlar aparırdılar, hədəfə yaxınlaşırlar",–deyə adı çəkilməyən ABŞ rəsmisi “Axios” - a bildirib.
ABŞ rəsmisi, həmçinin deyib ki, Trampın İran neftinin ixracının qarşısını alan dəniz blokadası və dərinləşən iqtisadi böhran Tehran üzərində razılaşma bağlamaq üçün təzyiqi artırır. "İranın pulu yoxdur. Onlar iflas edib.
Biz bunu bilirik. Onlar da bilirlər ki, biz bilirik",–deyən ABŞ rəsmisi əlavə edib:
“Əgər çərçivə sazişi əldə olunarsa, atəşkəs rejimi genişmiqyaslı razılaşmanın detalları üçün uzadılmalıdır. Detallar mürəkkəbdir, bunu iki günə etmək olmaz”.
Maraqlıdır, hazırki proseslər fonunda Vaşinqton ilə Tehran arasında hər hansı mühüm razılaşmanın əldə olunması nə dərəcədə real görünür?
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, ABŞ ilə İran arasında danışıqlar getsə də, hər iki tərəfin ciddi bir razılaşmaya gəlməsi qeyri-mümkün görünür:

“ABŞ ilə İran arasında mümkün çərçivə sazişi ilə bağlı yayılan məlumatlar fonunda qeyd etmək lazımdır ki, hazırkı proseslər tammiqyaslı və strateji razılaşmadan daha çox, taktiki yaxınlaşma və məhdud əməkdaşlıq mərhələsini xatırladır.
Yəni tərəflər arasında müəyyən dialoq və qarşılıqlı mesajlaşma mövcuddur, lakin bu, hələ fundamental ziddiyyətlərin aradan qalxması demək deyil. Əvvəla, Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunması prinsip etibarilə mümkündür, lakin bu razılaşma böyük ehtimalla məhdud xarakter daşıyacaq.
ABŞ üçün əsas prioritet İranın nüvə proqramının ciddi şəkildə məhdudlaşdırılmasıdır. İran isə öz növbəsində iqtisadi sanksiyaların aradan qaldırılmasını və beynəlxalq maliyyə sisteminə çıxışın bərpasını tələb edir. Bu iki yanaşma arasında ciddi struktur ziddiyyəti mövcuddur və tərəflərin hər ikisinin eyni anda maksimum istəklərinə nail olması real görünmür”.
Ekspertin sözlərinə görə, İran danışıqları yalnız ikitərəfli müstəvidə deyil, daha geniş regional kontekstdə görür:
“Tehran üçün Livan, Yəmən, İraq və ümumilikdə Yaxın Şərqdəki təsir imkanları bu prosesin ayrılmaz hissəsidir.
ABŞ isə bu məsələləri ayrıca təhlükəsizlik problemi kimi qiymətləndirir. Bu fərqli yanaşmalar razılaşmanın əldə olunmasını daha da çətinləşdirir”. V. Zifəroğlu əlavə edib ki, tərəflər arasında ciddi etimadsızlıq mövcuddur:
“ABŞ uzun illərdir İrana qarşı sanksiya siyasəti yürüdür, İran isə buna cavab olaraq regionda asimmetrik təsir alətlərindən istifadə edir. Bu şəraitdə hər hansı razılaşmanın davamlı və etibarlı olması üçün yalnız siyasi bəyanatlar kifayət etmir, real mexanizmlər və qarşılıqlı təminatlar tələb olunur.
Güzəştlər məsələsinə gəldikdə isə, müəyyən məhdud kompromislər mümkündür. ABŞ sanksiyaların qismən yumşaldılmasına gedə bilər, İran isə bəzi fəaliyyətlərini müvəqqəti məhdudlaşdıra bilər.
Lakin hər iki tərəfin strateji mövqelərindən ciddi şəkildə geri çəkilməsi daxili siyasi səbəblərə görə çətin görünür. Xüsusilə İran daxilində nüvə proqramı milli təhlükəsizlik və suverenlik məsələsi kimi qəbul olunur”.
V.Zifəroğlu onu da qeyd edib ki, uzunmüddətli atəşkəs real görünsə də, kövrək xarakteri daşıyacaq:
“Hazırkı dinamika göstərir ki, tərəflər genişmiqyaslı müharibədən qaçmağa çalışırlar və bu məqsədlə müvəqqəti sabitlik formulları üzərində işləyirlər. Lakin əsas problemlər həll olunmadan bu cür atəşkəs rejimi istənilən anda pozula bilər”.
Yunis Abdullayev
"Cebheinfo.az"
Açar sözlər:
İran Vüqar Zifəroğlu
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.