RU

​“Məktəblərdə preventiv mexanizmlər tətbiq edilməlidir” – Naib Niftəliyev

"Türkiyənin Kahramanmaraş vilayətində, Onikişubat rayonunda baş verən silahlı hücum cəmiyyətdə ciddi rezonans və narahatlıq doğurub. Hadisə həm Türkiyə ictimaiyyətində, həm də dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda geniş müzakirə olunur. İnsanlar prosesi təşviş və həssaslıqla izləyirlər. Çünki oxşar hadisələr fərqli formada olsa da, əvvəllər Azərbaycanda da qeydə alınıb. Bu baxımdan 8 şagirdin və bir riyaziyyat müəlliminin həyatını itirməsi, 13 nəfərin yaralanması ilə nəticələnən bu faciə cəmiyyət üçün ciddi travmatik təsir yaradan, arzuolunmaz bir hadisə kimi qiymətləndirilir. Digər tərəfdən, hücum zamanı müəllimin şagirdləri qorumaq üçün özünü sipər etməsi xüsusi vurğulanmalıdır. Bu, müəllim peşəsinin fədakarlığını, cəmiyyət üçün daşıdığı mənəvi yükü və nüfuzunu bir daha göstərir. Həm Türkiyədə, həm Azərbaycanda, həm də digər ölkələrdə müəllimin yalnız bilik verən deyil, eyni zamanda qoruyan və istiqamət göstərən bir şəxs olduğu fikrini gücləndirir. Bu cür davranışlar gələcək nəsillər üçün də mühüm nümunə kimi çıxış edir. Müasir dövrdə informasiya məkanının qloballaşması bu kimi hadisələrin təsir dairəsini daha da genişləndirir. Sosial şəbəkələr vasitəsilə yayılan görüntülər və məlumatlar qlobal reaksiyaları artırmaqla yanaşı, gənclərin psixologiyasına da birbaşa təsir göstərə bilir. Bu təsirlər bəzi hallarda emosional gərginlik, travma və ya posttravmatik reaksiyalarla müşayiət oluna bilər. Gənclərin bu cür hadisələrdən hansı nümunələri götürdüyü isə fərdi psixoloji durumdan asılı olaraq dəyişir: sağlam düşüncə sahibləri bunu mənfi nümunə kimi rədd edir, psixoloji baxımdan daha həssas olanlar isə təsirə daha açıq ola bilirlər".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonunda yerləşən Ayşer Çalık Ortaokulunda baş verən silahlı hücum ictimaiyyətdə ciddi rezonans doğurub. İsa Aras Mersinli adlı şəxs məktəbə silahlarla daxil olaraq təsadüfi atəş açıb. Hadisə nəticəsində 8-i şagird, biri riyaziyyat müəllimi olmaqla ümumilikdə 9 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb. Hücum zamanı bir müəllimin şagirdləri qorumaq üçün canı bahasına hücumçunun qarşısını almağa çalışması isə faciənin miqyasını daha da dramatikləşdirib. Bu hadisə region ölkələrində, xüsusilə də informasiya məkanının ortaq olduğu Azərbaycanda da geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələr vasitəsilə yayılan bu kimi xəbərlər və görüntülər gənclərin psixoloji vəziyyətinə, təhlükəsizlik hissinə və zorakılığa münasibətinə təsir göstərə bilər. Bu baxımdan, məsələ yalnız bir ölkədə baş verən cinayət hadisəsi kimi deyil, sərhədləri aşan sosial və informasiya təsiri kontekstində də dəyərləndirilir.

Sosioloq qeyd edib ki, buna baxmayaraq, cəmiyyət ümumilikdə zorakılığı qəbul etmir və bu kimi hadisələrin normallaşdırılmasına qarşıdır.

Избранный
13
aznews.az

1Источники